IqtisadiyyatSəyahətTurizmTəqdimat

Ramana Qəsri Muzeyi ziyarətçiləri üçün qapılarını açır

Azərbaycanın dünya əhəmiyyətli tarixi-memarlıq incilərindən biri olan Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb.

Mədəni irsimizin qorunması və təbliği istiqamətində həyata keçirilən mühüm layihələrdən biri olan Ramana Qəsri Muzeyi tarixi irsin qorunması ilə müasir muzey yanaşmalarını bir araya gətirən yeni mədəniyyət məkanına çevrilib. Layihə çərçivəsində qəsrin memarlıq xüsusiyyətləri və mövcud vəziyyəti araşdırılıb, tarixi abidənin memarlıq dəyərinin və autentikliyinin maksimum dərəcədə qorunmasına xüsusi diqqət yetirilib. Ekspozisiya, ziyarətçi marşrutları və digər infrastruktur həlləri qəsrin tarixi-memarlıq xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.

Muzey konsepsiyasının əsas ideyası “Tarixə

açılan pəncərə” anlayışıdır. Bu yanaşma tarixi memarlığın yalnız qorunmasını deyil, onun müasir ziyarətçi tərəfindən hiss olunmasını və yaşanmasını nəzərdə tutur.

Qəsrin daxilində yaradılmış yeni memarlıq-dizayn elementləri mövcud tarixi memarlıqdan ilhamlanaraq hazırlanıb. Ekspozisiya avadanlıqları, vitrinlər, podiumlar, elektron informasiya panelləri və digər interyer elementlərinin formalarında Ramana Qəsrinin memarlıq xüsusiyyətləri təkrarlanır və müasir dizayn dili ilə yenidən şərh edilir.

Muzeyin ekspozisiyası ziyarətçiyə Ramana Qəsrinin tarixi, Abşeronun orta əsr müdafiə sistemi, həmin dövrün hərb sənəti, gündəlik həyatı və mədəniyyəti haqqında ardıcıl təsəvvür yaratmaq prinsipi əsasında qurulub. Ekspozisiyanın əsas xüsusiyyətlərindən biri tarixi materialların müasir multimedia həlləri ilə tamamlanmasıdır. Ekspozisiyanın mühüm

hissəsini 2024–2026-cı illərdə Ramana Qəsrinin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri təşkil edir.

“Seyri-Tarix” bölməsi ziyarətçiləri Abşeron yarımadasının orta əsr müdafiə sistemi və Ramana Qəsrinin bu sistemdəki mühüm mövqeyi ilə tanış edir. Burada Abşeronun müdafiə tikililərinin yerləşməsini göstərən maket, Ramana Qəsrinin XIV əsrdəki ehtimal olunan görünüşünü və 1935-ci ildə qeydə alınmış vəziyyətini əks etdirən memarlıq maketləri, tarixi fotoşəkillər, arxiv materialları və məlumat panelləri təqdim olunur. Bölmədə touch screen elektron cihazı vasitəsilə interaktiv oyun və sensor məlumat paneli (iPad) yerləşdirilmişdir.

“Seyri-Silah” bölməsi orta əsr hərb sənəti, silah texnikası və müdafiə mədəniyyətinə həsr olunub. Ekspozisiyada XIV–XVI əsrlərə aid qılınc və qınların rekonstruksiyaları, nizə ucluqları, xəncər

tiyəsi, döyüş atının nalı, sferokonik qab (“Qarura ən Neft”) və digər arxeoloji tapıntılar nümayiş olunur, hərbi geyimlər, oxqabı, oxlar və digər arxeoloji materiallar təqdim edilir. Multimedia təqdimatları vasitəsilə orta əsr silahlarının hazırlanması və istifadəsi canlandırılır.

“Seyri-Tərz” bölməsində orta əsrlərin gündəlik həyatı, məişəti və sənətkarlıq ənənələri təqdim olunur. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş keramika və saxsı məmulatlar, şüşə bilərziklər, yağ və neft çıraqları, şirli qablar, kaşı və dekorativ plitələr nümayiş etdirilir. Bu tapıntılar orta əsr dövrünün yaşayış və mədəniyyətini, eləcə də saray bədii-memarlıq dizayn ənənələrini əks etdirir. Bölmədə yerləşdirilmiş sensor məlumat paneli (iPad) vasitəsilə ziyarətçilər eksponatlar haqqında geniş elmi məlumat ala, onların tapıldığı yerlər və istifadə xüsusiyyətləri ilə tanış ola bilərlər.

“Seyri-Həyat” bölməsində orta əsr feodal-

cəngavərin həyat yolu, cəmiyyətdəki rolu və mənəvi dünyası müasir animasiya əsaslı multimedia məzmunu vasitəsilə canlandırılır. Ekspozisiyanın əsas elementi günbəz formalı tavanda nümayiş etdirilən immersiv videoproyeksiyadır. Orta əsr Azərbaycan miniatürləri əsasında hazırlanmış animasiya kompozisiyaları cəngavərin uşaqlıq dövründən başlayaraq təlimi, yetkinlik həyatı, ailə qurması, döyüşlərdə iştirakı və ömür yolunu ardıcıl şəkildə təqdim edir.

Qəsrin memarlıq inkişaf mərhələlərini əks etdirən rekonstruksiya maketləri də ekspozisiyanın mühüm elementlərindəndir. Tarixi mənbələr, arxeoloji tədqiqatlar və memarlıq analizləri əsasında hazırlanmış maketlər vasitəsilə qəsrin müxtəlif dövrlərdəki görünüşü haqqında təsəvvür yaradılır. Tarixi xəritələr, memarlıq sxemləri, illüstrasiyalar və rekonstruksiya təsvirləri isə ekspozisiyanı

tamamlayır. Məlumat materialları Azərbaycan və ingilis dillərində təqdim olunur.

“Tarixə açılan pəncərə” ideyası ekspozisiyanın ayrı-ayrı elementlərində də öz əksini tapır. Qəsrin dar və hündür mazğal tipli pəncərələrindən ilhamlanan formalar müasir dizayn həllərində yenidən şərh edilib. Min illər əvvəl müdafiə və müşahidə məqsədi daşıyan bu pəncərələr bu gün ziyarətçi üçün keçmişə açılan simvolik baxış nöqtəsinə çevrilir. Ekspozisiyada istifadə olunan bəzi konturlar da məhz bu pəncərə formalarından götürülüb.

Muzeydə ənənəvi ekspozisiya üsulları müasir rəqəmsal texnologiyalarla tamamlanıb. İnteraktiv ekranlar, elektron məlumat panelləri, immersiv instalyasiya, audio-vizual materiallar, animasiyalar, videoproyeksiya və videomapinq ziyarətçilərə tarixi məlumatları fərqli formatlarda kəşf etmək imkanı verir. Bu yanaşma xüsusilə gənc ziyarətçilərin tarix və mədəni irslə daha interaktiv şəkildə tanış olmasına şərait yaradır.

Ramana Qəsrinin dam terrası ziyarətçilər üçün panoramik müşahidə meydançası olmaqla yanaşı, ekspozisiyanın məntiqi davamı kimi də nəzərdə tutulub. Terrasda yerləşdirilən “Alov” heykəltəraşlıq kompozisiyası qəsrin qədim müdafiə sistemindəki rolunu və tarixi-mədəni simvolikasını ifadə edir.

Muzeyin ətraf ərazisi də vahid memarlıq konsepsiyası əsasında yenidən təşkil edilib. Giriş meydançası və piyada marşrutları yenilənib, açıq hava ekspozisiyası yaradılıb. Ziyarətçilərin rahat və təhlükəsiz hərəkəti üçün əlçatanlıq həlləri tətbiq olunub.

Muzeyin vizual kimliyi vahid konsepsiya əsasında formalaşdırılıb. Tarixi daş hörgünün və memarlıq detallarının daha aydın nümayiş etdirilməsi üçün xüsusi işıqlandırma həllərindən istifadə olunub. Daxili və xarici işıqlandırma sistemi İtaliyanın “Linea Light Group” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb.

Ramana Qəsri Muzeyi ziyarətçilərə Azərbaycanın qədim tarixinin mühüm səhifələrindən biri ilə müasir muzey texnologiyalarının vəhdətində tanış olmaq imkanı yaradır. Əsrlərdən günümüzə gəlib çatan Ramana Qəsri bununla da tarixlə müasirliyin qovuşduğu yeni mədəniyyət məkanı kimi qapılarını ziyarətçilərin üzünə açır.

 

 

 

 

 

 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!