“Səhnədə nostalji fırtınası: UNFORMAL qayıtdı!”
Azərbaycan rok musiqisinin əfsanəvi nümayəndələrindən olan “UNFORMAL” qrupu illər sonra yenidən bir araya gəlir.
Frame.az xəbər verir ki, “Sonsuz yol” mahnısı ilə bir dövrün sevimlisinə çevrilən qrupun keçmiş solisti, avroviziya təmsilçimiz Dilarə Kazımova sosial mediada verdiyi açıqlama ilə pərəstişkarlarına sürpriz edib.
2009-cu ildə fəaliyyətini dayandıran qrupun bütün əsas üzvləri – Dilarə Kazımova, Fəridə Nelson, Rüstəm Məmmədov və İqor Qaranin dünyanın dörd fərqli ölkəsindən (Azərbaycan, Rysiya, ABŞ və Böyük Britaniya) Bakıya toplaşaraq, noyabrın 22-də “Hayal Kahvesi”ndə konsert verməyə hazırlaşır.
Gecəyə “Coldünya” qrupunun yaradıcısı və vokalçısı Teymur Nadir, “DədəBaba” və “Unchained Orchestra” kimi alternativ səhnənin tanınmış adları da qatılacaq.
Qeyd edək ki, UNFORMAL 2007-ci ildə “Sonsuz yol” klipi ilə geniş tanınmış, 2008-ci ildə Eurovision milli seçimlərinin finalçısı olmuşdu. İndi isə onlar səssizliyi pozub səhnəyə geri dönür – bu dəfə daha güclü və birləşmiş şəkildə.

