Açıq məkanda da maska taxmayanlar 100 manat cərimələnəcək
Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.
Qərarla müəyyən edilib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.
Bu tələblərinin pozulması İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.