MədəniyyətTeatrTəqdimat

“ADO” teatrı Gürcüstanın Tbilisi şəhərində qastrol səfərində olacaq

Frame.az xəbər verir ki, bu barədə teatrın yaydığı məlumatda deyilir: “Bu dəfə Tibilisiyə iki tamaşa aparacağıq. 24 iyun “GOTT” adlı tamaşamızı, 25 iyun isə “STOP” adlı tamaşamızı nümayiş etdirəcəyik. Bundan əlavə Tbilisinin mərkəzində küçə performanslarımızı da nümayiş etdirəcəyik. “Hamam” və “Qadın səsi” performanslarının da nümayişi gözlənilir. Səfər barədə bütün məlumatları “ADO”nun saytı olan www.ado.az ünvanında bölüşəcəyik. Tamaşamızın birini “Fabrika” adlı məkanın səhnəsində, digərini isə “Loft” məkanda nümayiş etdirəcəyik. Lakin hazırda Tbilisidə yerləşən bir neçə incəsənət məkanları ilə danışıqlarımız gedir, tamaşa nümayişi saylarının artımı da gözlənilir”.

Teatrdan verilən məlumatda bildirilir ki, artıq qastrol səfəri ilə bağlı Gürcüstanda elanlar yayılmağa başlayıb və hazırlıq işləri gedir. Bundan əlavə teatr səfər öncəsi, 13 iyun saat 20:00-da “STOP” adlı tamaşanı, 17 iyun saat 20:00-da “GOTT” adlı tamaşanı “ADO”nun məkanında nümayiş etdirəcək. Qeyd edək ki, adıçəkilən tamaşaların müəllifi və rejissoru ADO`nun qurucusu Elmin Bədəlovdur.

“ADO” teatrı bu dəfə 10 nəfərlik heyətlə səfərə hazırlaşır. Teatr bir il bundan öncə də Gürcüstana səfər etmiş, Tbilisidə bir neçə məkanda tamaşalar nümayiş etdirmişdi. Ötən il Gürcüstanın bir neçə televiziya və media orqanı bu barədə məlumatlar da yaymışdı.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!