ADY “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirib
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) “Heydər Əliyev İli” çərçivəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən və qurumun balansında olan yaşıllaşdırma zolağında ağacəkmə aksiyası keçirib.
ADY-dən bildirilib ki, aksiyada qurumun törəmə şirkətlərinin 100-dən çox əməkdaşı iştirak edib. Ümumi sahəsi 2 hektar olan ərazidə 1000 ədəd zeytun ağacı əkilib. Yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ağaclar suvarılıb və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı ADY tərəfindən tədbirlər planı təsdiq olunub və silsilə tədbirlərin keçirilməsinə start verilib. Tədbirlər planı çərçivəsində Ulu Öndərin təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə çağırışları əsas götürülüb.