IqtisadiyyatTəqdimatTəqdimatƏn SonƏn Son

Aİ Ermənistana missiyası Ermənistanın ‘suverenliyinin alveri’ siyasətinin davamıdır

Məlum olduğu kimi, Avropa İttifaqının Ermənistana göndərdiyi dırnaqarası mülki missiyaya fəaliyyətə başladı.  Bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Ermənistanı tam suveren dövlət adlandırmaq bir qədər çətin olsa da, müstəqil dövlət kimi Avropa İttifaqı ilə öz münasibətlərini qurmaqda azaddır.

Digər tərəfdən, bu missiya Ermənistanın “suverenliyinin alveri” siyasətinin tərkib hissəsidir və bu siyasət artıq uzun müddətdir ki, davam edir. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidməti ölkənin qərb sərhəddinə, həmin ölkənin sərhədçiləri hava limanına nəzarət edir, dəmir yolları da onların himayəsindədir və s. Ermənistanın yürütdüyü siyasət onu öz suverenliyindən hissə-hissə məhrum olmağa yönəldir. Əvvəllər məqsəd Azərbaycan torpaqlarına göz dikmək, xarici resurslardan dəstək almaqla ərazilərimizi işğal altında saxlamaq idi. Zamanla bu siyasətin nə dərəcədə uğursuz olduğu bütün dünyaya sübut edildi. Azərbaycan erməni ordusunu darmadağın etməklə, torpaqlarını 30 illik işğaldan azad etdi, ərazi bütövlüyünü bərpa etdi. İndiki vəziyyətdə işğalçı siyasətə son qoymaq, əsas qonşuları Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq, sülh sazişini imzalamaq Ermənistan üçün ən məntiqli qərar və çıxış yolu olardı. Lakin, o, öz “suverenliyinin alverini” davam etdirməyi üstün tutur. Bəli, bu işğalçı ölkə zamanla güzəştlərə getməyə, regionda olan yeni reallıqları qəbul etməyə məhkumdur. Bir ölkənin torpaqlarını 30 il işğalda saxlamısansa, ərazilərini tamamilə dağıtmısansa, onun bədəlini ödəməyə məcbursan. 

Təəssüf ki, Ermənistan köhnə siyasətini davam etdirir və Aİ missiyası bu siyasətin davamıdır. Məqsədləri necə təqdim etmələrinə baxmayaraq, bu yenə də eyni siyasətdir. Çünki, missiyanın məqsədlərinə Ermənistan nəzarət etmir, faktiki olaraq Aİ öz gündəmi, öz maraqları çərçivəsində hərəkət edir. Burada müxtəlif maraqlar ola bilər, Rusiyanın təsirini Ermənistan üzərində azaltmaq, Türk dünyasının birliyinə mane olmaq, İran əleyhinə və yaxud lehinə siyasət, Türkiyə və Azərbaycan əleyhinə kəşfiyyatı və s. bu sıraya əlavə edə bilərik. Yəni Aİ-nin öz maraqları və məqsədləri var, bunların heç birinə Ermənistan nəzarət etmir. Bu missiya Ermənistan maraqları çərçivəsində işləməyəcək. Bu missiya Avropa İttifaqının müəyyən ölkələrinin ((Fransa, Almaniya və s) maraqları çərçivəsində fəaliyyət göstərəcək. Ermənistan tərəfi bunu anlamalıdır. Ermənistan yenə yalnış istiqamət almaqla  öz suverenliyinin alverini aparır, ərazisində Rusiya Federal Təhlükəsizlik Xidməti və Rusiya hərbi bazasının fəaliyyəti azmış kimi indi də  Aİ buraya gəlir. 

Aİ missiyası ilə bağlı Azərbaycanın mövqeyi təmkinlidir. Ermənistan öz ərazisində kimlə istəsə əməkdaşlıq edə bilər, istədiyi ölkəni və qurumu ölkəsinə dəvət edə bilər. Amma Ermənistan belə bir alliansı bizim əleyhimizə işlətməyə çalışarsa, bu artıq bizə birbaşa aidiyyatı olan məsələdir. Azərbaycan Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatlarında səsləndirdiyi kimi bu missiyadan sui-istifadə halları olmamalıdır. Sui -istifadə isə artıq baş verir. Əvvəlcə missiyanın müddəti 2 aylıq idi, 40 nəfərlik heyətlə başlanmışdı, indi isə onların sayı Fransa və Almaniya jandarmları daxil olmaqla 100 nəfərə çatıb. Bu qeyd edilənlər missiyanın elan olunmuş məqsədləri ilə faktiki məqsədləri arasında uyğunsuzluq göstəriciləridir və şəffaf deyildir. Ermənistan isə bu oyunda uduzan tərəf olacağına əminəm. 

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!