Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edib
Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə ölkəmizi Qazaxıstanda keçirilən beynəlxalq teatr festivalında təmsil edib.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, 12-16 sentyabr tarixlərində Aktau şəhərində təşkil olunan Xəzəryanı Ölkələrin II Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrı “İuda” tamaşası ilə iştirak edib.
Beynəlxalq festivala Azərbaycanla yanaşı İran, Türkmənistan, Başqırdıstan, Tatarıstan və Qazaxıstan teatrları qatılıb. Festival Qazaxıstanın məşhur teatr və kino aktyoru Nurmuxan Janturinin 90 illik yubileyinə həsr olunub.
Akademik Milli Dram Teatrının “İuda” mono tamaşası festival rəhbərliyi, o cümlədən qeyd olunan ölkələrin teatr ictimaiyyəti tərəfindən yüksək səviyyədə qarşılanıb.
Rejissor Anar Babalının quruluş verdiyi tamaşa əməkdar artist Ayşad Məmmədovun eyniadlı monopyesi əsasında hazırlanıb. Səhnə əsərində Ayşad Məmmədov özü çıxış edir.
Tamaşanın rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Qeyd edək ki, “İuda” tamaşası insan xəyanətkarlığı mövzusuna həsr olunub. İuda ustadı İsa Məsihi satdığına görə vicdan əzabından qurtula bilmir. Səhnə əsəri İudanın daxili aləmini və özünə bəraət qazandırma cəhdini, onu belə addım atmağa sövq edən insani motivləri açıb göstərir.
Frame.az