IdmanTəqdimat

Xizək fristaylının moqul növü üzrə master-klas keçirilib

Xizək fristaylının moqul növü üzrə master-klas 27-28 yanvar tarixlərində Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

“Şahdağ”da 2 gün davam edən idman tədbiri çərçivəsində Yaponiyadan dəvət olunan idmançılar xizəksevərlərə, o cümlədən yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini öyrədib, müxtəlif ekstremal fənlər nümayiş etdiriblər.

Son illər qış idman növlərinin inkişafında müsbət irəliləyişin olduğunu qeyd edən Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zenqstşmid artıq Azərbaycanda da beynəlxalq xizək yarışların keçirilməsi üçün lazımi infrastrukturun yaradıldığını, paralel olaraq yerli idmançılardan ibarət xizək alpinizmi üzrə milli komandanın formalaşdırıldığını diqqətə çatdırıb. Florian Zenqstşmid xizək idman növlərindən olan moqulun ölkədə tanıdılmasının yerli idmançıların yetişdirilməsinə təkan verəcəyini bildirib.

Master-klasın keçirilməsinin əsas məqsədinin Azərbaycanda qiş idman növlərini təşviq etmək və xizək fristaylının moqul növünü Azərbaycanda tanıtmaq olduğunu bildirən “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov ötən ildən bu istiqamətdə Yaponiyanın Azərbaycandakı səfirliyi və bu ölkədən olan mütəxəssislərlə aktiv işlərin aparıldığını qeyd edib. O, qarşıdakı illərdə “Şahdağ”ın bu formatlı beynəlxalq yarışları keçirmək hüququ əldə etməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndiriləcəyini diqqətə çatdırıb.

Tədbirdə qonaq qismində iştirak edən Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabenin ölkəsinin idman sahəsində qarşıya qoyduğu məqsədlərdən birinin moqul idman növünün dünyada tandılımasına dəstək vermək olduğunu bildirib. Səfir ekstremallığı ilə seçilən moqulun Azərbaycanda inkişafı, eləcə də yerli idmançıların yetişdirilməsi baxımından əlverişli infrastrukturun mövcud olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, xizək fristaylının moqul növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrobatika, ski-kross, xafpayp, sloupestayl və big air kimi növləri də mövcuddur.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!