EventsMədəniyyətTeatrTəqdimat

Akademik Milli Dram Teatrında Zəfər Günü münasibəti ilə təntənəli tədbir keçirilib

Noyabrın 7-də Akademik Milli Dram Teatrında Zəfər Günü münasibəti ilə şəhid anaları və qazilərin iştirakı ilə təntənəli tədbir keçirilib, “Qarabağnamə” tamaşası nümayiş olunub.

Tamaşanın nümayişindən əvvəl teatrın direktor müavini Hacıbaba Məmmədov Azərbaycanın haqq savaşı – 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti haqqında çıxış edib, tədbir iştirakçılarını Zəfər Günü münasibəti ilə təbrik edib.

Eləcə də, teatrın Vətən müharibəsində iştirak edən əməkdaşları – qazi Tərlan Əsgərli, iştirakçılar Ruslan Kərimov, Dağlar Yusif, Rüfət Cabbarov və Fuad Cəbrayılovun düşmənlə mübarizəsindən danışılıb, “Qarabağnamə” tamaşası ilə bağlı fikirlər bölüşülüb.

Tədbirdə qazilərə və müharibə iştirakçılarına Akademik Milli Dram Teatrının döş nişanları, Fəxri fərmanlar təqdim olunub.

Xalq artistləri Əli Nur və Nurəddin Mehdixanlı çıxış edib, Zəfər Günü ilə bağlı fikirlərini bölüşüblər.

Teatrın Vətən müharibəsində iştirak edən əməkdaşlarından Tərlan Əsgərli Ali Baş Komandan İlham Əliyev tərəfindən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə, Ruslan Kərimov və Dağlar Yusif isə ““Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunublar.

Qeyd edək ki, “Qarabağnamə” tamaşası XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Aslan Şirin, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!