“AlphaTauri”nin pilotu Pyer Qasli Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşündə birinci olub
Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşünə yekun vurulub.
Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.
“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari” komandasında Karlos Sayns, Çarls Lekler, “Williams”ın heyətində Corc Russell və Nikolas Latifi yarışıblar. “Red Bull Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Pyer Qasli və Yuki Tsunoda, “Alpine”da isə Fernando Alonso ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa, “Alfa Romeo”nun heyətində Antonio Covinatsi və Kimi Raykonnen, “McLaren”də Daniel Rikkardo və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Mik Şumaxer və Nikita Mazepin “Haas”, Sebastian Fettel və Lans Stroll “Aston Martin” komandasının idman şərəfini qoruyurlar.
Yürüş iştirakçıları 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar.
“AlphaTauri” komandasının pilotu Pyer Qasli üçüncü yürüşdə fərqlənməyi bacarıb. Serxio Peres (“Red Bull Racing”) ikinci, Luis Hamilton (“Mercedes”) isə üçüncü olublar.
Birinci sərbəst yürüşü “Red Bull Racing”in pilotu Maks Ferstappen lider kimi tamamlayıb. “Ferrari”nin üzvləri Şarl Lekler ikinci, Karlos Sayns isə üçüncü olublar. İkinci sərbəst yürüşdə isə “Red Bull Racing”in pilotları – Serxio Peres və Maks Ferstappen ilk iki pillədə yer alıblar. İlk üçlüyü “Ferrari”nin üzvü Karlos Sayns qapayıb.
İyunun 5-də pilotların düzülüşünü müəyyən edəcək yarış keçiriləcək. Ertəsi gün isə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.
Bakı şəhər halqasında Formula 1 yarışları 2016-cı ildən təşkil olunur. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən dünya çempionatının Azərbaycan mərhələsi ləğv edilmişdi.