BAKIDA “QƏLƏBƏ QAÇIŞI” HƏYƏCANI!
Bəzən bir addım sadəcə irəli getmək deyil, bir dəyərə sahib çıxmaq, bir tarixə ehtiram göstərmək və bir məqsəd uğrunda birləşmək deməkdir. Noyabrın 1-də Bakıda keçiriləcək ənənəvi “Qələbə qaçışı” məhz belə bir fürsətdir. Zəfərimizin ruhunu yaşatmaq, sağlam həyat tərzinə töhfə vermək və xeyriyyə təşəbbüsünün bir hissəsi olmaq istəyən hər kəs üçün qeydiyyat davam edir!
“Qürurla irəli” şüarı altında keçiriləcək yarışda iştirakçılar Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yaxınlığından start götürərək 10 kilometrlik məsafəni qət edəcəklər. “Qələbə qaçışı” finiş xəttinə çatmaqla yanaşı, Zəfər sevincini bölüşmək, idmanın birləşdirici gücünü hiss etmək və unudulmaz anlar yaşamaq üçün də fürsətdir.
“Qələbə qaçışı”nı fərqləndirən cəhətlərdən biri də onun xeyriyyə məqsədidir. İştirakçılar qeydiyyat zamanı minimum 20 manat xeyriyyə haqqı ödəyəcəklər. Toplanan bütün vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
Tədbir ətrafında yaradılacaq bayram ab-havası isə iştirakçılara və qonaqlara daha çox sevinc və həyəcan vəd edir. Oktyabrın 31-də və noyabrın 1-də fəaliyyət göstərəcək fan-zonada idman və əyləncə proqramları, uşaqlar üçün oyunlar və günə xüsusi rəng qatacaq müxtəlif tədbirlər keçiriləcək. Noyabrın 1-də təşkil olunacaq “Qələbə Moto Yürüşü 2026” festivalı da günün coşqusunu artıracaq.
İdman həvəskarısansa və ya qaçışa başlamaq üçün fürsət axtarırsansa, “Qələbə qaçışı” sənə yeni bir təcrübə qazandırmaq üçün əla imkandır. Hazırlaş, qeydiyyatdan keç və noyabrın 1-də bu böyük idman həyəcanına qoşul!
Qeydiyyat davam edir!
Yarışda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilərlər. Qeydiyyatdan keçmək üçün bu linkə daxil ol və noyabrın 1-də sən də “Qələbə qaçışı”nda yerini al.
Qeydiyyatı təsdiqlənən iştirakçılara SMS və elektron poçt vasitəsilə bildiriş göndəriləcək. İştirakçılar oktyabrın 18-dən 30-dək, şənbə və bazar günləri istisna olmaqla, saat 09:00-dan 18:00-dək “BEGOC Plaza”ya (Zərifə Əliyeva küçəsi, 93) yaxınlaşaraq təsdiq SMS-ini təqdim etməklə iştirakçı nömrələrini götürə bilərlər.
2021-ci ildən etibarən keçirilən “Qələbə qaçışı” Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Sən də qoşul, addımlarınla bu təşəbbüsə dəstək ol! Qürurla irəli!

