Baku City CircuitFormula 1Idman

Arif Rəhimov beynəlxalq mediaya müsahibə verib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov 4-6 iyun 2021-ci il tarixlərində Bakıda 5-ci dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə sayılı günlərin qaldığı ərəfədə avtoidman dünyasının aparıcı media qurumlarına geniş məzmunda müsahibə verib.

Müsahibədə “Reuters” xəbər agentliyi və “ESPN” idman kanalı ilə yanaşı dünyanın bir sıra qabaqcıl avtoidman xəbər portallarından, o cümlədən “Motorsport”, “Autosport”, “Racer”, “Racefans”, “Autocar” və “MotorsportWeekly”-dən jurnalistlər iştirak ediblər.

Görüşün əvvəlində şirkətin rəhbəri A.Rəhimov yarışa hazırlıq işlərindən danışıb və həmçinin yarış çərçivəsində Covid-19 ilə bağlı görülən təhlükəsizlik tədbirləri barədə jurnalistləri ətraflı şəkildə məlumatlandırıb.

Daha sonra A.Rəhimov builki yarışın tamaşaçısız keçirilməsi, Formula 1 təqviminə daxil olan yeni yarışların Bakı yarışına mümkün təsirləri, Azərbaycan Qran Prisinin Formula 1 Dünya Çempionatına verdiyi töhfələr, bu ilin iyun ayında Avro-2020 çərçivəsində paytaxt Bakıda keçiriləcək futbol oyunlarının Formula 1 Azərbaycan Qran Prisinə təsirləri və digər aktual məsələlərə dair verilən sualları geniş şəkildə cavablandırıb.

Rəhimovun müsahibə zamanı səsləndirdiyi fikirlərdən bəzilərini burada diqqətinizə təqdim edirik:

“Ötən ilin dekabrında baş tutmuş Zəfər Paradını nəzərə almasaq, 2021 Formula 1 Azərbaycan Qran Prisi koronovirus pandemiyasının başladığı tarixdən sonra paytaxt Bakının ev sahibliyi etdiyi ilk irimiqyaslı tədbir olacaq”.

 “Bakıda bu yay keçiriləcək Avro-2020 futbol oyunları Formula 1 Azərbaycan Qran Prisi ilə müqayisədə koronavirusla mübarizə çərçivəsində tamaşaçıların hərəkətinin səmərəli idarəolunması baxımından daha əlverişlidir. Düşünürəm ki, bu səbəbdən sözügedən oyunlarda tamaşaçıların iştirakı nəzərdə tutulur. Bizdə isə eyni yanaşmanın indiki halda tətbiqi praktiki cəhətdən mümkün deyil”.

 “Bu il biz ölkəmizdə sayca 5-ci dəfə Formula 1 Azərbaycan Qran Prisi yarışına ev sahibliyi edirik. Formula 1 Rəhbərliyi (FOM) ilə olan mövcud müqaviləmiz 2024-cü ilə qədər qüvvədədir. Növbəti 3 ildə birlikdə hansı işləri görəcəyimizə dair müzakirələrə hələlik başlamamışıq. Son illər FOM ümumiyyətlə uzunmüddətli müqavilələr imzalamağa müsbət yanaşmır. Yeni rəhbərlik əməkdaşlığı daha çox qısa müddətli müqavilələr çərçivəsində aparmaqda maraqlıdır. Bu yanaşma bizim üçün də sərfəli olandır”. 

 “Son vaxtlar müzakirə olunan məsələlərdən biri də koronavirus pandemiyasının davam etdiyi bir dövrdə yarış iştirakçılarının Formula 1 təqvimində yer alan ölkələr arasında fasiləsiz və məhdudiyyətsiz səyahətinin təmin olunmasıdır. Bu məqsədlə Türkiyə ilə Azərbaycan Qran Prilərinin yerlərinin dəyişdirilməsi barədə məsələnin gündəmdə olduğundan xəbərdarıq. Bununla bağlı onu deyə bilərəm ki, bu addımın atılması mümkün deyil. Çünki həmin ərəfədə Bakı həm də Avro-2020 üzrə keçirilən futbol oyunlarına ev sahibliyi edəcək. Başqa sözlə, iyunun 12-də paytaxt Bakı sözügedən çempionat çərçivəsində burada keçiriləcək qarşılaşmaların birincisi üçün iştirakçıları qəbul edəcək. Bu da Azərbaycan Qran Prisi üçün təklif olunan tarixlə üst-üstə düşür. Belə ki, biz 2021 Formula 1 Azərbaycan Qran Prisini həmişəki vaxtında – 4-6 iyun tarixlərində keçirəcəyik”.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!