“ASAN Həyat” Bahar Festivalı keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilatçılığı ilə “ASAN Həyat” komplekslərində “ASAN Həyat” Bahar festivalları keçiriləcək.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildiriblər ki, festivallar martın 1-dən 3-dək Kürdəmirdə, 8-dən 10-dək Şamaxıda, 15-dən 17-dək isə Quba şəhərində yerləşən “ASAN Həyat” kompleksində təşkil olunacaq.

Tədbirlərdə Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən sərgilər, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası təşkil olunacaq, həmçinin bölgələrdə yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərləri, folkloru, musiqi və mətbəxi nümayiş etdiriləcək.

Festival çərçivəsində tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı və milli personajlardan ibarət bayram tamaşaları, kəndirbaz oyunları, pəhləvan və idmançıların çıxışları da reallaşdırılacaq.

Həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində “Food truck”lər (təkərli qoşqular) nümayiş olunacaq və “ABAD” məhsullarından hazırlanmış fast-fudların satışı həyata keçiriləcək.

Festivallarda Azərbaycandakı diplomatik korpusun nümayəndələri tərəfindən multikulturalizm ənənələrinə uyğun olaraq ölkələrinə məxsus adət-ənənələri nümayiş etdirən təqdimat guşələri təşkil olunacaq.

“ASAN Həyat” Bahar Festivalının məqsədi xalqımızı tarixən bütövləşdirən, milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin layiqincə yaşadılması, regionların sosial mədəni həyatına, bayram əhval-ruhiyyəsinin artırılmasına töhfə vermək, eyni zamanda, insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: