“ASAN xidmət” uğurlu layihə kimi özünü doğruldub

Bu gün “ASAN xidmət”ə 35 milyonuncu müraciət qeydə alındı. Bu, Ədliyyə Nazirliyi tərəfindən göstərilən nikahın qeydiyyata alınması xidməti idi. Yeni qurulan ailənin nikahının qeydiyyata alınması bizim fəaliyyətimiz dövründə edilən 35 milyonuncu müraciət idi. “ASAN xidmət” 2013-cü il yanvarından fəaliyyətə başlayıb və gələn ilin əvvəllərində fəaliyyətimizin 7 ili tamam olacaq. Xidmətə ilk müraciət Prezident İlham Əliyev tərəfindən edilib və bu qurum onun təşəbbüsü ilə yaradılıb. Bu gün 35 milyonuncu müraciətin olması o deməkdir ki, uğurlu layihə kimi “ASAN xidmət” özünü doğruldub. Ölkəmizdə 10 milyon nəfər yaşadığını və onun təxminən 7-8 milyonunun xidmət almaq imkanına malik olduğunu nəzərə alsaq, bu, haradasa bir vətəndaşın 4-5 dəfə “ASAN xidmət”ə üz tutaraq ondan yararlanması deməkdir. Xidmət qarşıya qoyulan prinsiplərə uyğun olaraq şəffaf, operativ və vətəndaş məmnunluğuna əsaslanan fəaliyyət göstərir. Vətəndaş məmnunluğu isə bu illər ərzində 99,4 faizdir.

Frame.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, dövlət agentliyi əsasən bir sıra hüquqi xidmətlərin “ASAN xidmət” mərkəzlərində və həmin xidmətlərin elektronlaşdırılaraq “myGov” portalı üzərindən göstərilməsi ilə məşğul olur. Bu yaxınlarda vətəndaşlar əvvəllər ədliyyə orqanları tərəfindən verilən etibarnamələrin mərkəzə müraciət etmədən alınması və verilməsi imkanı da əldə ediblər. Artıq “myGov” portalında vətəndaşlara 20-dən çox bu cür elektron xidmət göstərilir, yəni hər kəs əyləşdiyi ofisdən, portativ cihazlarından istifadə edərək xidmətlərdən yararlana bilir.

Ölkə başçısının tapşırığına əsasən qısa müddətdə “ASAN xidmət” ölkənin bütün regionlarını əhatə etməlidir. Bu yaxınlarda dövlət başçısının iştirakı ilə Şamaxıda “ASAN xidmət” istifadəyə verildi. İlin axırına qədər Kürdəmir, Ağcabədi və Tovuzda “ASAN xidmət” mərkəzlərinin açılması nəzərə tutulur. Eyni zamanda, elektron xidmətlərin sayının artırılması və həmin xidmətlərin “myGov” portalı üzərindən göstərilməsi qarşımızda duran əsas məqsədlərdəndir.

Dövlət xidməti göstərən qurumların Beynəlxalq “ASAN Assosiasiyası” təsis olunub və onun dekabrın 24-də üzv ölkələrin nümayəndələrinin iclası keçiriləcək. Həmin iclasda Assosiasiyanın Əsasnamə və Nizamnaməsi təsdiq olunacaq. Beləliklə, “ASAN xidmət” öz xidmətini göstərmək üçün yeni bir platforma əldə edəcək. Assosiasiyanın imkanları hesabına daha çox ölkələrdə “ASAN xidmət”i təqdim etmək mümkün olacaq. Hazırda 8 ölkədə “ASAN xidmət”in tətbiq edilməsi imkanları nəzərdən keçirilir. Artıq Əfqanıstanda həmin işlər yekunlaşmaq üzrədir. Digər ölkələrdə isə yaxın gələcəkdə həmin işlər başa çatdırılacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: