“ASAN xidmət”in nümayəndə heyəti Moldovaya səfər edib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Moldova Respublikasının paytaxtı Kişineuda beynəlxalq tədbirdə iştirak edib. “Şərq tərəfdaşlığında dövlət xidmətlərinin dizaynı və çatdırılması” mövzusunda keçirilən tədbirin təşkilatçısı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir (GIZ).
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dövlət xidmətlərinin çatdırılmasında beynəlxalq brendə çevrilən “ASAN xidmət” modelinin timsalında ölkəmizdə sosial innovasiyalar sahəsində həyata keçirilən işlər və nailiyyətlər tədbirdə diqqət mərkəzində olub.
Görüşdə Azərbaycan, Ukrayna, Gürcüstan, Moldovanın müvafiq qurumlarının 30-dan çox nümayəndəsi iştirak edib. İştirakçılar Şərq Tərəfdaşlığı ölkələrində dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaların tətbiqi və rəqəmsal alətlərin istifadəsinə dair təcrübələrini paylaşmaqla yanaşı, Estoniya və Ukraynadan olan ekspertlərlə birgə vörkşoplara da qoşulublar.