IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı Bakıda yeni televiziya studiyası açıb

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) Bakının Buzovna ərazisində yerləşən yeni televiziya (TV) studiyasının açılış mərasimini keçirib.   

TV studiya Avropa İttifaqının maliyyələşdirdiyi və BMTİP-nin icra etdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində yenidən inşa edilib. Açılış tədbirində elm və təhsil nazirinin müavini İdris İsayev, Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko və BMTİP-nin Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsildə Kefiyyət Təminatı Agentliyindən nümayəndələr, o cümlədən digər rəsmi qonaqlar və təhsil mütəxəssisləri iştirak edib. 

Müasir və qabaqcıl öyrənmə məkanı təmin etməklə studiya, tələbələrə və digər istifadəçilərə yaradıcı sənaye məhsulları istehsal etmək və onların peşə bacarıqlarını təkmilləşdirmək üçün dəstək olmaq məqsədi daşıyır. TV studiyanın rəqəmsal öyrənmə resurslarının inkişafı və paylaşılması üçün bir mərkəzə çevrilməsi, eləcə də bazarın tələblərinə uyğun olaraq müəyyən ixtisaslar üzrə yaradıcı işlər istiqamətində müxtəlif sağlamlıq imkanlarına malik şəxslərin təliminə dəstək verməsi gözlənilir. 

Televiziya studiyası kameralar və işıqlandırma vasitələri, səs yazma cihazları və müvafiq köməkçi alətlər daxil olmaqla media sənayesində mövcud olan ən son texnologiyalarla təchiz edilib. Studiyada sinif otağı, səsyazma studiyası, peşəkar video montaj bölümləri, prodüser otağı və 115 kvadrat metr çəkiliş sahəsi təklif edən tam səs keçirməyən studiya səhnələri mövcuddur. Studio video çəkmə, audio/səs, işıqlandırma, makyaj, eləcə də yaradıcı tədbirlərin təşkili ilə bağlı müxtəlif peşələrə yiyələnmək üçün inklüziv öyrənmə mühiti və imkanlar təqdim edir. 

Yenidənqurma işləri layihənin peşə təhsili və təlimi müəssisələrində infrastruktur və avadanlıqların modernləşdirilməsi üzrə iş istiqaməti çərçivəsində həyata keçirilir. Bu televiziya studiyasının qadınlar və kişilər üçün əhəmiyyətli öyrənmə və məşğulluq imkanları yaradacağı, habelə daha çox gənci peşə təhsilinə cəlb edəcəyi gözlənilir. Studiya, həmçinin təcrübə, tədqiqat və təhsil sahəsində gələcək potensial əməkdaşlıqlar vasitəsilə dayanıqlı yaradıcı sənayenin inkişafına töhfə verəcək.

***

Yenidənqurmaya dəstək fəaliyyətləri, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün Peşə Təhsili və Təlimi: Azərbaycanda Qabaqcıl Peşə Təhsili Mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunur. Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə dəstək olmaq və bu istiqamətdə Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə yardım etməkdir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!