Aydın Süleymanlı və Gülnar Məmmədova Azərbaycan çempionu olublar
Blits üzrə Azərbaycan çempionatında qalib sonuncu turda müəyyənləşib.
3 şahmatçı 9 turdan 7 xal toplayıb. Əlavə göstəricilərə görə, Aydın Süleymanlı yarışın qalibi adını qazanıb. Vüqar Əsədli və Rauf Məmmədov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qadınların yarışında Gülnar Məmmədova 7 oyundan 6 xal toplayaraq birinci olub. Xanım Balacayeva çempionatı 5,5 xalla ikinci, Türkan Məmmədyarova isə 4,5 xalla üçüncü yerdə başa vurublar.
Beləliklə, Qazaxıstanda təşkil olunacaq rapid və blits üzrə dünya çempionatında iştirak edəcək şahmatçılar dəqiqləşib.
İki yarışın cəmində ən çox xal toplayan Rauf Məmmədov, Vüqar Əsədli, Aydın Süleymanlı, Ləman Hacıyeva, Gülnar Məmmədova və Xanım Balacayeva dünya çempionatına vəsiqə qazanıblar.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 8 min manat ilk səkkiz yerin sahibləri arasında bölünüb.