Azərbaycan milli mətbuatının yaranmasından 143 il ötür
Azərbaycan milli mətbuatının 143 yaşı tamam olur.
Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi.
“Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi” millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi.
Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da Heydər Əliyev tərəfindən imzalanıb. 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi” haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olunub. Ümumilikdə, Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb.
1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən Qanun qəbul edilib. Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edib. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı. Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.
Hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsi artıq ənənəyə çevirib. Dövlətimizin başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk Sərəncamı 2005-ci il iyunun 20-də imzaladı, mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu, çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edildi, fəxri adlara, Prezident təqaüdünə layiq görüldü.
Milli mətbuatımızın 135 illiyi də böyük təntənə ilə qeyd edilib. Bu dəfə də mətbuat nümayəndələri fəxri adlara və mükafatlara layiq görülüblər, kütləvi informasiya vasitələrinə maddi yardım ayrılıb. Mətbuat Şurası üçün yeni binanın ayrılması, onun müasir avadanlıqla təmin edilməsi, Prezident İlham Əliyevin binanın açılışında iştirakı, jurnalistlər qarşısında çıxışı bir daha bu həqiqəti təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir.
Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük rəğbətlə qarşılandı. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
2013-cü il iyulun 22-də dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa edilən ikinci binanın təməlqoyma mərasimində iştirak edib. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı həmin il noyabrın 24-də ikinci dəfə “Jurnalistlərin dostu” seçilib.
2015-ci il iyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda və respublikamızın bölgələrində milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçirilib.
2016-cı il iyulun 21-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrılıb.
2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı. Dövlətimizin başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı.
Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev 2017-ci ildə də “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
Dövlətimizin başçısının mətbuata qayğısının daha bir təzahürü bu il iyulun 16-da Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalamasıdır.
Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətimizin bayramıdır. Çünki azad söz azad cəmiyyətin təməl daşıdır.