MədəniyyətTəqdimat

Azərbaycan Xalça Muzeyində III-V əsrə aid olduğu güman edilən parça qalıqları bərpa olunub

Azərbaycan Xalça Muzeyində E. Qrabar adına Ümumrusiya Rəssamlıq Elmi-Bərpa Mərkəzinin Dəri məmulatlarının və arxeoloji parçaların bərpası şöbəsinin müdiri Nataliya Sinitsına muzeyin direktoru Şirin Məlikovanın dəvəti ilə Bakıya gələrək, III-V əsrlər Qafqaz Albaniyası dövrünə aid olduğu güman edilən parça qalıqlarını bərpa edib. Nataliya Sinitsınanın sözlərinə görə, bu, çox qiymətli tapıntıdır. “Bu parça qalıqları arxeoloqlar üçün sözügedən dövrdə Azərbaycanda dəfn adətlərinin,  mərasimlərin öyrənilməsi nöqteyi-nəzərindən çox vacibdir. Parça qalıqlarının struktur-texnoloji tərəflərinin öyrənilməsi həmin dövrün tarixinin tədqiqi baxımından çox əlverişlidir” – deyə dəri məmulatları və parçaların bərpası üzrə tanınmış rusiyalı bərpaçı-rəssam bildirir.

Xatırladaq ki, Şamaxı rayonu ərazisində Dəmirçilər-Lahıc yolunun tikintisi zamanı rayonun Dəmirçilər kəndi yaxınlığındakı ərazidə qədim qəbirlər aşkarlanıb. Həmin qəbirlərdə aparılan qazıntılar zamanı qəbirlərdən birinin baş hissəsində iki qılınc və metal material aşkar olunub. Həmin metal üzərində yun və keçə olması güman edilən parça qalıqları tapılıb.

Mütəxəssislərin bildirdiyinə görə, bu parça qalıqlarının tədqiqi Azərbaycanda parça növlərinin hazırlanması tarixinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir. O cümlədən Azərbaycanda boyaqçılıq sənətinin tarixinin araşdırılması baxımından da maraq kəsb edir. Bununla yanaşı, Azərbaycan muzeylərində belə nadir nümunələr azdır, bu tapıntı elmi-tarixi nöqteyi-nəzərdən də əhəmiyyətlidir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!