Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılacaq
Azərbaycanda elektron sağlamlıq kartlarının verilməsi dayandırılacaq.
Bu barədə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib.
Məlumata əsasən, Səhiyyə Nazirliyinə e-sağlamlıq kartlarının alınıb-paylanması ilə bağlı vəsaitin ayrılması prosesi dayandırılıb.
Mərkəzdən qeyd olunub ki, 15 yaşı tamam olmamış vətəndaşların sağlamlıq haqqında məlumatları onların fərdi identifikasiya kartlarına inteqrasiya olunacaq.
Şəkərli diabet və tibbi müayinə keçirən xəstələr barədə mərkəzdən bildirilib ki, bu kateqoriyalardan olan pasiyentlər haqqında zəruri məlumatlar onların şəxsiyyət vəsiqəsinin FIN kodu əsasında sistemdə öz əksini tapır.
Qeyd edək ki, bu günədək mərkəz tərəfindən ölkə üzrə yeni doğulan körpələrin valideynlərinə 1 milyon 503 min 779 e-sağlamlıq kartları verilib. Həmçinin təxminən 114 min diabet xəstəsinə, 4 mindən çox isə tibbi müayinə keçirənlərə (obliqat qruplara aid vətəndaşlar) elektron sağlamlıq kartları təqdim edilib.