Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyət göstərir

Azərbaycan Cüdo Federasiyası ilk dəfə pilot layihə kimi ancaq qız idmançıların cüdo idman növü ilə məşğul olduğu klubun yaradılmasına dəstək verib.

Federasiyadan Frame.az-a bildiriblər ki, Xətai rayonunun Əhmədli qəsəbəsində fəaliyyət göstərən klubda hazırda 40 yeniyetmə qız ödənişsiz cüdo ilə məşğul olurlar. Dərslər dünya və Avropa mükafatçısı Kifayət Qasımova və paracüdo üzrə dünya və paraolimpiya çempionu Afaq Sultanova tərəfindən keçirilir.

Kifayət Qasımovanın sözlərinə görə, klubda qızların yüksək səviyyədə cüdo ilə məşğul olması üçün hər cür şərait yaradılıb: “Artıq qısa zamanda biz cüdo ilə məşğul olan qızların sayını artırmışıq. Klubun sırf qızlar üçün olması böyük üstünlük kəsb edir. Valideynlər bu təşəbbüsü çox yaxşı qarşılayırlar, həmçinin qızlar özünü məşq zamanı rahat hiss edirlər. Azərbaycan Cüdo Federasiyasına yaradılan imkana görə təşəkkür edirik. İnanırıq ki, yaxın gələcəkdə regionlarda da belə cüdo klubları və məktəbləri fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, federasiyanın əsas fəaliyyət istiqamətlərindən biri ölkədə qızlar arasında cüdonun kütləvləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçularımızın təmsilçiliyini artırmaqdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: