Azərbaycanda turizm bələdçilərinin sertifikasiyası prosesinə başlanılır

Dekabrın 7-də Azərbaycan Turizm Bürosuna (ATB) Milli Akkreditasiya Mərkəzi tərəfindən bələdçilərin sertifikatlaşdırılması hüququnu verən akkreditasiya attestatının təqdimolunma mərasimi keçirilib.

Frame.az xəbər verir ki, mərasimdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkədə peşəkar bələdçilərə ehtiyac olduğunu bildirərək Azərbaycanda ilk dəfə olaraq turizm bələdçilərinin milli sertifikatlaşdırılması prosesinə start verildiyini qeyd edib.

O deyib: “Bu gün turizm sənayesinin inkişafı yolunda mühüm addım atılır və ilk dəfə olaraq turizm bələdçilərinin sertifikatlaşdırılması prosesinə başlanılıb. Bələdçilik vacib bir peşədir. Bələdçilik turizmin inkişaf zəncirində ən əsas amillərdən biridir. Ölkənin tarixi mədəniyyəti haqqında ilkin təəssüratı yaradan məhz bələdçilərdir. Bu vaxta qədər Dövlət Turizm Agentliyinin dəstəyilə beynəlxalq təşkilatlarla tərəfdaşlıq çərçivəsində turizm bələdçilərinin hazırlanması üçün təlimlər təşkil edilib. Turizm bələdçilərinin peşə statusunu təkmilləşdirilməsi işini aparmaq üçün Azərbaycan Turizm Bürosu tərəfindən turizm bələdçilərinin sertifikatlaşdırılmasına başlanılıb”

Qeyd edilib ki, Azərbaycan Milli Akkreditasiya Mərkəzi tərəfindən İlk dəfə olaraq turizm bələdçilərinin sertifikatlaşdırma orqanına bu sahədə fəaliyyət göstərməsi üçün akkreditasiya sənədi verilir. Sertifikasiya prosesi zamanı keçirilən təlimlər bu peşənin nəzəri və praktik tərəfini əhatə edəcək. Bu proses beynəlxalq standartlar əsasında aparılacaq.

Artıq yeni turizm qanununun hazırlanaraq Milli Məclisə təqdim olunduğunu söyləyən Fuad Nağıyev yeni qanunda turizm bələdçilərinin sertifikatlaşmasının da əks olunduğunu bildirib. Eyni zamanda, yeni qanuna əsasən yaradılacaq turizm reyestrində bələdçilərin də reyestri aparılacaq. Bunlar ölkə turizm inkişafına təkan verəcək vacib amillərdir. “Dövlət Turizm Agentliyi olaraq turizm sənayesində fəaliyyət göstərən birliklərə, assosiasiyalara dəstək verməyə hazırıq. İnanırıq ki, turizm bələdçilərinin sertifakatlaşdırılması işi birgə səylərlə uğurla başa çatacaq”,- deyə Fuad Nağıyev əlavə edib.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru, Turizm Bələdçilərinin Sertifikatlaşdırılması Orqanının (TBSO) sədri Florian Zenqstşmid prosesin ATB tərəfindən yeni yaradılmış TBSO vasitəsilə təşkil olunacağını diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan sənayesində turizm bələdçiləri üçün mühüm bir gündür: “Uzun müddətdir tərəfdaşlarla, başda Milli Akkreditasiya Mərkəzi olmaqla bu sənədin üzərində işləyirdik, nəhayət ki, bu gün sənədi təqdim edirik. Bu mərkəz tək sertifikatlarla məşğul olmayacaq, eyni zamanda, bazarın tələblərinə əsasən nəzəri və praktik məsələləri nəzərə alaraq təlimlər həyata keçirəcək. Turizm bələdçiləri dəyər zəncirinin və ölkəmizə səyahət edən turistlərin məmnuniyyətinin mühüm hissəsini təşkil edir. Çünki turizm bələdçisinin turistə verdiyi informasiya nəticəsində turistin əldə etdiyi təəssüratlat çox önəmlidir. Buna görə də dünya turizm bələdçiləri assosiasiyası ilə əməkdaşlığımız davam etdirməliyik”.

O qeyd edib ki, respublika üzrə təlim və sertifikasiya prosesi beynəlxalq standartlar əsasında, milli akkreditasiya sisteminə uyğun formada təşkil olunacaq.

Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktorunun müavini Emin Zeynalov Azərbaycanda bələdçilik sahəsi üzrə belə bir təşəbbüsü turizm sahəsinin inkişafı istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirib.

Bildirib ki, Azərbaycan Akkreditasiya Mərkəzi mövcud qaydalara riayət edilməsini və turizm sahəsində sertifikatlaşmanı təmin edir. Akkreditasiya sənədi almış qurumlar öz fəaliyyətlərinə daha peşəkar və məsuliyyətli yanaşacaqlar.

Sonra Emin Zeynalov Milli Akkreditasiya Mərkəzi tərəfindən hazırlanan sənədi Turizm Bələdçilərinin Sertifikatlaşdırma orqanının sədri Florian Zenqstşmidə təqdim edib.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, bundan əvvəl 2019-cu ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən Azərbaycan Turizm Bürosuna hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatı təqdim olunmuşdu.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: