Azərbaycanın qolf turizmi imkanları Portuqaliyada təbliğ edilir
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Portuqaliyanın Lissabon şəhərində keçirilən Beynəlxalq Qolf Səyahət Bazarı (IGTM) sərgisində Azərbaycanın qolf turizmi üzrə imkanları təbliğ edilib.
Tədbirdə Azərbaycanı Milli Qolf Klubu və “Dreamland Golf” klubu təmsil edib.
Oktyabrın 19-dək davam edəcək sərgidə ziyarətçilərə Azərbaycanda qolf turizmi ilə bağlı xidmətlər, qolf turpaketəri barədə ətraflı məlumat verilir, həmçinin Azərbaycanın qolf turizmi destinasiyası kimi tanıdılması istiqamətində xarici turagent və turoperatorlarla B2B (biznesdən biznesə) görüşlər keçirilir.
Qeyd edək ki, dünyada qolf turizminin ən mühüm tədbirlərindən hesab edilən Beynəlxalq Qolf Səyahət Bazarı (IGTM) sərgisi qolf turizmi üzrə B2B görüşlərinin keçirildiyi və qolf destinasiyalarının bir araya gəldiyi önəmli platformalardan biridir. 1998-ci ildən etibarən keçirilən sərgi tərəfdaşlıq əlaqələrinin qurulması və qolf peşəkarlarına dəstək göstərmək məqsədilə hər il dünyanın fərqli ölkələrində təşkil olunur.