Azərbaycanlı musiqiçilərin iştirakı ilə “İolanta” operasının nümayişi olacaq
Yanvarın 6-7-də Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “İolanta” operası nümayiş olunacaq.
Frame.az teatrın saytına istinadla xəbər verir ki, yanvarın 6-da səhnə əsərində baş qəhrəman və Mavritaniya həkimi İbn Hakia obrazlarını Azərbaycanın əməkdar artistləri Dinara Əliyeva (soprano) və Elçin Əzizov canlandıracaqlar.
Xatırladaq ki, Dinara Əliyeva 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “Qala Verdi” adlı solo konsertləri böyük uğurla keçib. Bu il Moskvada Dinara Əliyevanın “Opera Art” İkinci Beynəlxalq Musiqi Festivalı keçirilib.
2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos” A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.