Azərbaycan dilinə tərcümə edilmiş “Zefir” şeir toplusunun təqdimatı olub
Yanvarın 24-də Bakı Kitab Mərkəzində xorvat şairi Draqo Ştambuk ilə görüş keçirilib. Görüş çərçivəsində onun Azərbaycan dilinə tərcümə edilmiş “Zefir” şeir toplusunun təqdimatı olub.
Frame.az xəbər verir ki, əvvəlcə Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebic şair, həkim-diplomat Draqo Ştambuk haqqında iştirakçılara məlumat verib. “Bu gün “Zefir” adlı kitabının təqdimatını keçirdiyimiz xorvatiyalı həkim, şair və səfir Draqo Ştambuk tibb sahəsi üzrə təhsil alıb. O, Zaqreb şəhərində daxili xəstəliklər, qastroenterologiya və hepatologiya üzrə ixtisasa yiyələnib. 1983-cü ildən Londona köçüb və orada fəaliyyət göstərib. Ştambuk burada qaraciyər və QİÇS xəstəliklərinin tədqiqi ilə məşğul olub. 1991-ci ildə Xorvatiya müstəqilliyini elan etdikdən sonra xeyli müddət diplomat kimi fəaliyyət göstərib. Draqo Ştambuk, eyni zamanda, məşhur şairdir, bir çox dilə tərcümə edilmiş 70-dən çox şeir kitabının müəllifidir. Bu gün təqdim olunan kitab Xorvatiyanın Mədəniyyət və Media Nazirliyi, həmçinin Xorvatiya şirkətlərinin dəstəyi ilə nəşr edilib”, – deyə o bildirib.
Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxışında deyib ki, “Zefir” şeir toplusu çox dəyərli kitablardandır: “Bu kitabı oxumaqla insanların Draqo Ştambukun bir şair kimi düşüncələrini, onun yaradıcılığını daha dərindən tanımağa imkanları olacaq. Kitab ilk dəfə olaraq Azərbaycan dilində nəşr olunub və bu, çox sevindirici haldır. İlklər heç zaman unudulmur və buna görə də Ştambuku təbrik edirəm”.
Daha sonra təqdim olunan kitabı fars dilindən Azərbaycan dilinə tərcümə edən İlqar Əlifoğlu, “Söz” ədəbi layihəsinin yaradıcısı, ictimai xadim, şairə Nigar Həsənzadə, yazıçı-dramaturq İlqar Fəhmi “Zefir” kitabı haqqında danışaraq, onun Azərbaycan dilinə tərcümə edilməsinin gözəl bir addım olduğunu vurğulayıblar.
Şair Draqo Ştambuk “Zefir” kitabı haqqında danışaraq, onun poeziyasına qiymət verən tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirdə xorvat şairi Draqo Ştambukun Azərbaycan dilinə tərcümə olunmuş “Zefir” şeir toplusundan bədii qiraət nümunələri də səsləndirilib.