Azərbaycan Qran-Prisi 2026: tribunalarda rekord, trasda gərgin mübarizə
Bakıda keçirilən 10-cu, yubiley Azərbaycan Qran-Prisi bir sıra rekord göstəricilərlə yadda qalıb. Xarici azarkeşlərin sayı Azərbaycan Qran-Prisinin tarixində ən yüksək göstəriciyə çatıb, satışa çıxarılan bütün biletlər satılıb, yarışı izləmək üçün 120-dən çox ölkədən azarkeş Bakıya gəlib.
Bu il 17 mindən çox xarici azarkeş Formula 1 yarışını Bakı Şəhər Halqasının tribunalarından canlı izləyib. Bu, Formula 1-in Bakıda keçirildiyi müddətdə qeydə alınan ən yüksək göstəricidir. Qran-Pri üçün satışa çıxarılan bütün biletlər satılıb. Dörd gün ərzində ümumilikdə 92 minə yaxın ziyarət qeydə alınıb.
Azərbaycan Qran-Prisinə marağın coğrafiyası da genişlənməkdə davam edib. Qran-Pri üçün biletlər 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu il xüsusilə Çindən gələn azarkeşlərin sayında nəzərəçarpacaq artım qeydə alınıb.
Artan tələbatı qarşılamaq məqsədilə son üç il ərzində dörd yeni tribuna quraşdırılıb və tribunaların ümumi tutumu 6 mindən çox artırılıb. Bu il “City” tribunasının əlavə olunması ilə ümumi tutum 21 mini ötüb.
Bakı Bulvarında yaradılan əyləncə zonası da böyük maraqla qarşılanıb. Fan Zone-u gündəlik 25 mindən çox azarkeş ziyarət edib. İki gün ərzində keçirilən konsertlər isə ümumilikdə 40 minə yaxın tamaşaçı toplayıb.
Yubiley Qran-Prisi beynəlxalq medianın da diqqət mərkəzində olub. Qran-Prini Bakıdan 300-ə yaxın yerli və xarici media nümayəndəsi işıqlandırıb. Qran-Pri 56 xarici televiziya kanalı və yayım platformasında canlı yayımlanıb. Xarici medianın hazırladığı materiallar yalnız trasdakı mübarizə ilə məhdudlaşmayıb. Qran-Pri günlərində Bakı, Azərbaycan mədəniyyəti və milli ənənələr haqqında da müxtəlif süjet və reportajlar yayımlanıb.
Formula 1 yarışının Bakının mərkəzində keçirilməsi nəqliyyatın təşkilinə xüsusi diqqət tələb edir. Bu il şəhər mərkəzində nəqliyyatın hərəkətini təmin etmək üçün yeni tranzit dəhliz istifadəyə verilib. Yarış başa çatdıqdan dərhal sonra söküntü işlərinə başlanılıb və yollar mərhələli şəkildə açılıb.
“Formula 1 şəhərin mərkəzində keçirildiyi üçün nəqliyyatın rahat hərəkətinin təmin olunması bizim üçün əsas məsələlərdən biridir. Məqsədimiz müvəqqəti məhdudiyyətlərin şəhərdə gündəlik hərəkətə təsirini minimuma endirməkdir. Buna görə əsas istiqamətlər üzrə tranzit dəhlizləri açıq saxlanılır. Yarışdan sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq. Bu il artıq ertəsi gün saat 12:30-a qədər şəhər mərkəzindəki yol məhdudiyyətlərinin əsas hissəsi aradan qaldırılmışdı”, – deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev bildirib.
İdman baxımından isə yubiley Azərbaycan Qran-Prisi gərgin mübarizə və gözlənilməz nəticə ilə yadda qalıb. Yarışın gedişi Bakı Şəhər Halqasının məşhur “Expect the Unexpected” (“Gözlənilməzə hazır ol”) şüarına uyğun olaraq, bir sıra gözlənilməz hadisələrlə yadda qalıb.
Corc Rassell Bakı Şəhər Halqasında qələbə qazanan səkkizinci fərqli pilot olub. Beləliklə, Bakıda keçirilən 10 Formula 1 yarışında cəmi səkkiz fərqli pilot qalib olub.
Serxio Peres və Maks Ferstappen Bakıda iki dəfə qələbə qazanıblar. Digər qaliblərin hər biri isə Bakı Şəhər Halqasında fəxri kürsünün ən yüksək pilləsinə yalnız bir dəfə qalxıb.
Bakıda keçirilən on yarışın nəticələri bir daha göstərir ki, burada Qran-Prinin qalibini əvvəlcədən proqnozlaşdırmaq heç də asan deyil. Yubiley yarışı da istisna olmayıb və sona qədər davam edən mübarizə ilə yadda qalıb. 10-cu Azərbaycan Qran-Prisi bununla da Bakının Formula 1 tarixində daha bir parlaq səhifəyə çevrilib.

