EventsIqtisadiyyatTəqdimatƏn SonƏn Son

“Azərbaycan Sahibkar Qadınlar” İB-nin 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Bakı Biznes Mərkəzində “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin yaranmasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Yubiley tədbirində İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, diplomatik korpusun nümayəndələri, ölkənin tanınmış sahibkarları iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan Sahibkar Qadınlar” İB-nin təsisçisi və sədri Zemfira Ağayeva nitqinə ulu öndər Heydər Əliyevin “Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq” sözləri ilə başlayaraq bildirib ki, İctimai Birlik 1999-cu ildə təsis olunub, 2001-ci ildən dövlət qeydiyyatından keçərək rəsmi fəaliyyət göstərir. Birliyin 8 min nəfərdən çox üzvü var və onların 80 faizini gənclər təşkil edir. Ölkənin 20 rayonunda Birliyin filialları fəaliyyət göstərir, həmçinin 17 xarici ölkənin sahibkar qadınları ilə dostluq memorandumu imzalanıb, səmərəli qarşılıqlı əməkdaşlıq əlaqələri qurulub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar İncəsənət xadimi, rəssam – modelyer, parfümer Fəxriyə Xələfova təbrik çıxışında Birliyin ölkə iqtisadiyyatında və gənc sahibkarların fəaliyyətindəki rolunu yüksək qiymətləndirib və nitqində qeyd edib ki, İB fəaliyyətə başladığı gündən hazırkı dövrə qədər 11 min 831 nəfər qadını peşə təhsilinə cəlb edib, iş həyatına başlamasına, peşə vəsiqəsi almasına köməklik göstərib. Bu xanımların 60 faizi gənc qızlar, 10 faizi orta yaşlı qadınlardır. Bu qadınların əksəriyyəti peşə kursunu keçdikdən sonra ailə biznesi qurub və yaxud fərdi fəaliyyət göstərən sənətkarlar kimi formalaşıblar.

Digər natiqlər də Birliyin 20 illik fəaliyyətindən bəhs edib, təbriklərini çatdırıblar. Mütəmadi olaraq gənc sahibkar qadınların fəaliyyətinin keyfiyyətini yüksəltmək üçün Birlik tərəfindən əlavə peşə təhsili kursları, seminarlar, təlimlər, satış-sərgiləri təşkil edilib, onların beynəlxalq sərgi və forumlarda iştirakları təmin olunub.

Tədbirdə 14 nəfər sahibkar qadın “Azərbaycan Sahibkar Qadinlar” İB-nin Xurşidbanu Natəvan mükafatına layiq görülüb.

Yubiley tədbiri bədii hissə ilə yekunlaşıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!