Azərbaycan Sahibkarlar Konfederasının prezidenti İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının baş katibi ilə görüşüb
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ilə ölkəmizdə səfərdə olan İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının baş katibi Yusif Xələvi arasında görüş keçirilib.
Görüşdə Azərbaycan iqtisadiyyatının inkişafı, İslam ölkələrinə ixrac imkanları və ölkəmizin, xüsusilə işğaldan azad edilən ərazilərdə investisiya mühiti ilə bağlı müzakirələr aparılıb. M.Musayev Azərbaycanda kənd təsərrüfatı forumunun keçirilməsi ilə bağlı Palatanın təklifinə toxunub və təşkilatı məsələlər ilə bağlı fikirlərini bölüşüb.
Yusif Xələvi öz növbəsində İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının gələcək fəaliyyəti barədə danışıb və Konfederasiyanın prezidentini 2023-cü ildə Malaziyada keçiriləcək Beynəlxalq İslam Biznes Forumuna dəvət edib. Forumun məqsədinin İslam ölkələrindən olan sahibkarları bir yerə toplamaq və onlar arasında əməkdaşlığı genişləndirmək dünyaya islam sahibkarlığının inkişafını nümayiş etdirmək olduğunu bildirib.
Yusif Həsən Xələvi 2023-cü ilin may ayında İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının iclasının Azərbaycanda keçirilməsini və iclas çərçivəsində Dayanıqlı kənd təsərrüfatı forumunun reallaşdırılmasını təklif edib.
O, forum daxilində sərgi, eyni zamanda Azərbaycanın ənənəvi kənd təsərrüfatı rayonlarına səfərlərin nəzərdə tutulmasını effektiv hesab edib. Baş katib hazırda sürətli quruculuq işləri aparılan Qarabağın kənd təsərrüfatı təyinatlı bölgələrinə səfərlərin təşkil edilməsinin də investorlar üçün maraqlı ola biləcəyini qeyd edib.
Görüşdə həmçinin hər il Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçiriləcək sərgidə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzvü olan ölkələrin iş adamlarına da öz məhsullarını təqdim etmək imkanı barədə fikir mübadiləsi aparılıb.