IqtisadiyyatTurizmTəqdimat

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının illik fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir keçirilib

Sentyabrın 12-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) illik fəaliyyətinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə dövlət-özəl sektoru arasında əlaqələrin genişləndirilməsi istiqamətində Assosiasiyanın həyata keçirdiyi işlər, həm gəlmə, həm də getmə turizmin inkişafı yönündə atılan addımlar, turizm bazarının sağlamlaşdırılması, eləcə də xarici bazarlarda ölkənin turizm potensialının təşviqi, xarici tərəfdaşlarla turizm əlaqələrinin inkişafında həyata keçirilən işlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verilib.

Tədbirdə turizm sahəsində qazanılan uğurlar və görüləcək işlərdən danışan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib: “2023-cü ilin yanvar–avqust ayında Azərbaycana 1 milyon 344 mindən çox əcnəbi qonaq səfər edib ki, bu da postpandemiya dövründə ölkə turizminin sürətlə bərpa olunduğunu deməyə əsas verir. Bizim əsas məqsədimiz ölkə turizmini inkişaf etdirməkdir. İnkişaf deyərkən turistlərin sayında, coğrafiyasında və turist xərcləməsində artıma nail olmağı nəzərdə tuturuq. Bunun üçün birlikdə çalışmalıyıq. Əsas hədəf 2026-cı ildə ölkəyə gələn xarici turistlərin sayını 4 milyon nəfərə çatdırmaqdır. Növbəti 4 il üçün turizmin ÜDM-də payını 2019-cu illə müqayisədə 1,5 dəfə artırmaq niyyətindəyik. Orta hesabla hər il 20 faiz artıma nail olmaq istəyirik. 2026-cı ildə yerli turistlərin sayını 6 milyon nəfərə, turizmdən gələn gəlirləri 10 milyard manata çatdırmaq əsas hədəflərimizdəndir”.

Dünyada cərəyan edən iqtisadi-siyasi problemlərə baxmayaraq, qlobal turizmin inkişafı fonunda ölkə turizminin də əhəmiyyətli dərəcədə bərpa edildiyini qeyd edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov son zamanlar bir sıra ölkələrin Azərbaycanı turizm destinasiyası olaraq seçmələrini ölkə turizminin inkişafı baxımından böyük uğur olduğunu və ictimai qurumun ölkə turizminin bərpası və inkişafı, eləcə də ölkəyə turist axınının artırılması və xarici ölkələrdə təşviqi istiqamətində aktiv fəaliyyət göstərdiyini bildirib.

Tədbir çərçivəsində ATAA-nın illik fəaliyyətinin yekunlarına həsr olunan video-hesabat təqdim olunub.

Qeyd edək ki, tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri, Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun rəhbər şəxsləri, eləcə də turizm sənayesinin nümayəndələri iştirak ediblər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!