EventsMədəniyyətSərgiSəyahətTəqdimat

Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı

Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisinin açılışı oldu. Sərgi Xalça Muzeyi ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olundu. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua başda olmaqla, səfirliyin əməkdaşları, ölkəmizdə akkreditə olunmuş bir sıra səfirlər və səfirliklərin nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları. ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak etdilər.

Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, Çin təqviminə əsasən 2018-ci ilin fevralında it ili qədəm qoyur. Buna görə də layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları əhatə edir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir çıxarılır. “Bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır”, – deyə muzeyin direktoru nəzərə çatdırdı. Şirin Məlikova ümid etdiyini bildirdi ki, Cin səfirliyi ilə muzeyin əməkdaşlığı bundan sonra da davamlı olacaq və bu layihə iki ölkənin muzeyləri arasında əlaqələrin qurulmasına təkan verəcək. “Bundan sonra da yeni layihələrin həyata keçirilməsinə, əlaqələrimizin genişlənməsinə əminəm. Mədəniyyət və incəsənət xalqları, ölkələri birləşdirən ən gözəl vasitədir”, – deyə Şirin Məlikova vurğuladı.

Tədbirdə çıxış edən Çinin ölkəmizdəki səfiri Vey Cinxua sərginin təşkilinə görə təşəkkür etdi və burada iştirakından məmnun olduğunu dedi. O, bildirdi ki, bütün münasibətlər xalqlar arasında olan əlaqələr müstəvisində inkişaf edir. “Bu sərgi iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirəcək, möhkəmləndirəcək. Bir neçə gün sonra Çin xalqı it ilini qarşılayacaq. Xoşbəxtlik, uğur və ümid ifadə edən Çin Yeni ili bütün xalqı bir araya gətirir. Novruz bayramı azərbaycanlılara əziz olduğu kimi, bu bayram da Çin xalqına əzizdir.”, – deyə diplomat qeyd etdi.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev belə bir layihənin Xalça Muzeyində reallaşdırılmasını yüksək qiymətləndirərək, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

Xatırladaq ki, Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi fevral ayının 28-nə qədər davam edəcək.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!