“AZAL-Miles” proqramının iştirakçılarının bonus ballarının etibarlılıq müddəti uzadılacaq
COVID-19 infeksiyasının sürətlə yayılması və əksər istiqamətlər üzrə uçuşların məhdudlaşdırılması ilə bağlı yaranmış gözlənilməz vəziyyəti nəzərə alaraq, “Azərbaycan Hava Yolları” (AZAL) “AZAL-Miles” proqramının iştirakçılarına bonus ballarının etibarlılıq müddətini uzadacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Frame.az-a bildirilib ki, ballarının etibarlılıq müddəti bu il bitməli olan proqram iştirakçıları 2021-ci ilin dekabr ayının 31-dək ballardan istifadə edə biləcəklər. Bu qayda həm aviabiletlərə dəyişdirilə bilən səyahət ballarına, həm də “Gold” və “Platinum elit” səviyyələrinin status ballarına şamil olunur.
“AZAL-Miles” AZAL-ın tez-tez uçan sərnişinləri üçün nəzərdə tutulmuş proqramdır. İştirakçılar AZAL və “Buta Airways” aviaşirkətləri tərəfindən yerinə yetirilən uçuşlar üçün ballar toplaya və sonra onları AZAL-ın mükafatlandırıcı aviabiletlərinə dəyişə və yaxud xidmət sinfinin yüksəldilməsi üçün istifadə edə bilərlər. Yetərli sayda status balları topladıqdan sonra “Gold” və “Platinum” statusuna sahib olan iştirakçılar hava limanının biznes zal xidmətinə giriş, əlavə baqaj və sair kimi üstünlüklərdən faydalana bilərlər. Daha ətraflı məlumat aviaşirkətin saytında yerləşdirilib: “www.miles.azal.az”.
“AZAL-Miles” proqramı ilə bağlı suallarınızı müştəri xidmətlərinə “azalmiles@azal.az” elektron poçt ünvanı və yaxud saytdakı əks əlaqə forması vasitəsilə yönləndirə bilərsiniz.