Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir
Azərbaycanda fəaliyyət göstərdiyi 22 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların sağlam həyat tərzi keçirməsi naminə çalışan Azercell Telekom MMC Uşaq Paralimpiya Komitəsinə dəstəyini davam etdirir.
Yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün yaradılan və Azercell-in dəstəyi ilə fəaliyyətini uğurla davam etdirən Uşaq Paralimpiya Komitəsi hal-hazırda 200-dən çox yeniyetməni öz ətrafında birləşdirir. İdman növləri 9-a çatdırılan Uşaq Paralimpiya Komitəsində gənc paralimpiyaçılar indi cüdo, boccia, üzgüçülük, qolbol, masaüstü tennis, əlil arabasında rəqs, parataekvando, pauerliftinq və atletika kimi idman növləri ilə məşğul ola bilirlər. Gələcək paralimpiyaçı idmançıları yetişdirməklə yanaşı, komitə uşaqlara təhsil və müalicə sahəsində də köməklik göstərməkdədir. Belə ki, dayaq-hərəkət sistemi pozulmuş bir neçə uşaq inklüziv təhsil almaq üçün orta məktəbə göndərilib. Beynəlxalq turnirlərdə çoxsaylı qələbələrə imza atan paralimpiaçılarımız IV Uşaq Paralimpiya İdman Oyunlarına da hazırlaşırlar.
Komitə IV Uşaq Paralimpiya İdman Oyunlarını 2018-ci ilin noyabr-dekabr aylarında keçirməyi planlaşdırır. Məlumat üçün bildirək ki, 2014-cü ildən Azercell şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Bu komitənin yaradılmasında əsas məqsəd – ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.
Frame.az