IqtisadiyyatMobil dünyaTəhsilTəqdimat

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

17-ci Beynəlxalq Olimpiada Turnirində məktəblilərimiz uğurlu nəticələr əldə ediblər

Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə 17-ci Beynəlxalq Olimpiada Turniri təşkil edilib.

Yarışda iştirak edən şagirdlərimiz yüksək nəticə göstərərək biri qızıl olmaqla ümumilikdə dörd medal qazanıblar. Belə ki, Bakı şəhər 157 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsən Vəliyev qızıl medal qazanıb. Göyçay şəhər akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Vaqif Abdullayev və Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Tuncay Paşayev gümüş medala, Bakı Türk Anadolu Liseyinin XI sinif şagirdi Əhməd Qəmbərli isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, şagirdlərin alqoritmik düşüncə, problem həlletmə və informatika bacarıqlarını inkişaf etdirmək və yoxlamaq məqsədi daşıyan turnirdə 14 ölkədən ümumilikdə 440 iştirakçı hibrid formatda yarışıb. Milli komandamız yarışa Azərbaycan Texniki Universitetindən distant şəkildə qoşulublar.

2017-ci ildən etibarən Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi Azercell Telekom-un Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu dövr ərzində ölkənin müxtəlif region və paytaxt məktəblərini təmsil edən şagirdlər beynəlxalq proqramlaşdırma müsabiqələrində ümumilikdə 118 medal əldə edərək Azərbaycanın İT sahəsindəki potensialını uğurla nümayiş etdiriblər.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!