Azercell kiber-təhlükəsizlik tədbirlərinə davam edir
İnternetdə uşaqların müdafiəsinə xüsusi önəm verən və bu sahədə son illərdə bir sıra yeniliklərə imza atan Azercell Telekom MMC daha bir layihəyə başlayıb. Artıq bir müddətdir ki, şirkət Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün kiber-təhlükəsizlik mövzusunda təlimlərə start verib. Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlığı çərçivəsində şirkət əvvəl Bakı şəhəri 6 saylı orta məktəbdə “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər keçirib. Qeyd edək ki, 2014-cü ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunmuş Azərbaycan Müəllim İnkişafı Mərkəzi (AMİM) yerli müəllimlər, məktəb liderləri və digər təhsil işçilərinə müasir tədris üsulları barədə təlimlər keçir, tədrisin bütün sahələrinə yönələn konfrans və tədbirlər təşkil edir.
Proqram ilk növbədə texnologiyadan “qaça” bilməyəcəyimiz gerçəkliyini vurğulasa da, bu reallıqda şagirdlər, məktəblər və ailələri gözləyən təhlükələr, bu təhlükələrin qarşısının alınması və ya problemlərin aradan qaldırılması yolları, şagirdlərin internetdən təhlükəsiz istifadəsi üçün praktik məsləhətlər, məktəbdənkənar təhdidlərin tanınması və onlarla mübarizə yolları kimi çox önəmli məsələlərə toxunaraq, müasir şagird, müəllim və valideynin ən çox ehtiyac duyduğu və məsləhət almaq istədiyi mövzuları işıqlandırıb. 12-16 dekabr tarixlərində baş tutan təlimlərə sonuncu gündə valideynlər də qatılıblar. Növbəti təlim 189-190 nömrəli məktəbdə planlaşdırılıb. Məlumat üçün bildirək ki, gələn ildən başlayaraq bu təlimlər regionlarda da keçiriləcək.
Qeyd edək ki, Azercell Telekom MMC 2 il bundan əvvəl uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönələn “Universal Müdafiə” “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərinin yer aldığı “Azercell Plus Təhlükəsizlik” proqramını istifadəyə verib.
Frame.az