“Azercell”in baş sponsorluğu ilə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya festivalı başa çatıb
Lider operatorun “Rəqəmsal Yaşam Studiyası”nda təqdim olunan innovativ xidmət və həllər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb
Azərbaycanda ilk dəfə olaraq Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı və “Azercell Telekom” MMC-in baş sponsorluğu ilə keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya festivalı başa çatıb. Bütün türk dünyasının böyük coşğu ilə izlədiyi möhtəşəm tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, Kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncər, “TEKNOFEST”in İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank da iştirak ediblər.
“TEKNOFEST Azərbaycan”nın baş sponsoru olan Azercell şirkəti festivalda xüsusi “Rəqəmsal Yaşam Studiyası” konsepsiyasını təqdim edib. Festivalın ilk günündə “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın müşayiəti ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi qonaqlar şirkətin stendini ziyarət ediblər, burada təqdim olunan innovativ məhsullar və texnoloji həllərlə tanış olublar.
Festivalın davam etdiyi dörd gün ərzində Azercell-in Rəqəmsal Yaşam Studiyasında 1200-dən çox ziyarətçi şirkətin xidmətlərindən ibarət rəqəmsal səyahətdən keçib. “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini əsas tutan Azercell-in təqdim etdiyi “Ağıllı şəhər” konsepsiyası, elektron mütaliə, əyləncə, sənət və digər mövzularda innovativ həlləri ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Stenddəki “Azercell Life və Azercell Akademiyası” guşəsində şirkət təmsilçiləri gənclərin təhsil və inkişafına imkan yaradan fərqli proqramlar haqqında məlumat təqdim ediblər. Azercell-in “Rəqəmsal Yaşam Studiyasında” artırılmış reallıq səyahətinə qoşulan hər bir ziyarətçiyə maraqlı hədiyyələr, uşaqlara kitab və suvenirlər təqdim olunub. Qeyd edək ki, 29 may tarixində Azercell stendinin qonağı olan şəhid övladlarını “Azercell Telekom” MMC-in prezidenti Zərinə Zeynalova hədiyyələrlə qarşılayıb.
Bu ilin ən yadda qalan tədbirinə çevrilən “TEKNOFEST Azərbaycan”ı dörd gün ərzində yüz minlərlə insan ziyarət edərək Azərbaycan və Türkiyənin dövlət və özəl qurumlarının innovativ layihələri ilə tanış olublar. Texnologiya sahəsinin parlaq simalarını kəşf etdirən bu festival çərçivəsində 8 texnoloji yarışma, 3 beynəlxalq tədbir keçirilib, qalib komandaların üzvləri prezidentlər və digər rəsmi qonaqlar tərəfindən təltif olunub.
Bu il 5 illiyini qeyd edən festivalın məqsədi aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.