“AzerGold” QSC Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə alpiniada təşkil edib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl qaya massivində Ulu Öndərin adını daşıyan, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə alpiniada təşkil edib.
QSC-dən Frame.az-a bildirilib ki, alpiniadaya Səhmdar Cəmiyyət və onun törəmə şirkəti olan “Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyətinin (DDF MMC) bir qrup əməkdaşı qatılıb.
Azərbaycanın ən yüksək yaşayış məntəqələrindən olan Xınalıq kəndindən başlayan alpiniadanın iştirakçıları Qızıl qaya massivinin ətəklərində düşərgə salaraq, müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə doğru yürüş ediblər. Mürəkkəb relyef və sərt iqlim şəraitinə baxmayaraq, böyük ruh yüksəkliyi və əzmkarlıqla zirvəyə çatan yürüş iştirakçıları tərəfindən dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad olunub. Zirvədə Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə yanaşı, “AzerGold” QSC və “DDF” MMC-nin korporativ bayraqları dalğalandırılıb.