Oxu zalıTeatrTəqdimat

“Bakı” jurnalı Akademik Musiqili Teatr haqqında yazdı

Artıq bir neçə ildir ki, çox yüksək zövqlə və nəfis tərtibatla hazırlanan “Bakı” jurnalı Azərbaycanı bütün dünyada tanıtmaqda davam edir. İllərdən bəri jurnalın baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi və bu dərginin redaksiya heyətinin vəhdəti ilə milli mədəniyyət incilərimiz, ölkəmizin gözəllikləri, incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərən yaradıcı insanlarımızın qazandıqları nailiyyətlər dünyaya çatdırılır.

Jurnalın son nömrəsində yer alan məqalələrdən biri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində uğurla təqdim olunan və geniş əks-səda doğuran “Balaca şahzadə” tamaşası barədədir. Burada tamaşanın bəstəkarı, Amerikada yaşayan həmyerlimiz, istedadlı musiqiçi Ruslan Ağababayevlə müsahibə öz əksini tapıb: “İllər ötdükcə mən daha çox inanıram ki, Antuan de Sent- Ekzüperi bu əsəri əslində kiçiklər üçün deyil, böyüklər üçün yazıb. Çünki insan yaşa dolduqca, kamilləşdikcə, həyatın mənasını anladıqca, dərk edir ki, böyüklərin dünyası tamam başqa problemlərlə yüklənib, müasir insan elmin və texnikanın güclü inkişafı axarında səmimiyyət, dostluq, məhəbbət, şəfqət, yaxşılıq kimi gözəl duyğuları yadırğamağa, unutmağa başlayıb. Azərbaycan səhnəsində belə aktual və maraqlı bir tamaşanın yaranmasında əməyim olduğu üçün özümü xoşbəxt sayıram. Çox şadam ki, bu tamaşa Heydər Əliyev Fondunun vitse-prezidenti, mədəniyyətimizin böyük dostu Leyla Əliyevanın bilavasitə himayəsi sayəsində araya-ərsəyə gəlib. Leyla xanım vaxt tapıb son məşqlərə baxmağa da gəlmişdi…”

“Xatırladaq ki, Akademik Musiqili Teatrın 109-cu mövsümünün ən yaxşı tamaşası hesab olunan  “Balaca Şahzadə” bir neçə nominasiya üzrə öz sahiblərinə mükafatlar qazandırdı. Rejissor işinə görə Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli Prezident təqaüdçüsü Cənnət Səlimovaya və rəssam işinə görə Məryəm Ələkbərliyə Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi Hüseynağa Sadıqov adına “Büllur alma” mükafatı təqdim olundu. Tamaşada iştirak edən teatrın gənc və istedadlı aktyoru Əmrah Dadaşov (Pilot) “Mövsümün sevilən aktyoru”,  Balaca Şahzadə rolunun iki azyaşlı ifaçısı isə – adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və onun həmyaşıdı Rahib Məmmədzadə 109-cu mövsümün “Ən yaxşı uşaq roluna görə” mükafatlarına layiq görüldülər”, – deyə Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, Əliqismət Lalayev bu tamaşa haqqında “Bakı” jurnalında xüsusi yer ayrıldığı üçün və ümumiyyətlə, Heydər Əliyev Fondunun Akademik Musiqili Teatrın inkişafına verdiyi böyük dəstəyə görə Leyla xanım Əliyevaya teatr kollektivi adından minnətdarlığını bildirib.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!