EventsIqtisadiyyatTəqdimatƏn SonƏn Son

Bakı Metropoliteninin 55 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Noyabrın 5-də Bakı Metropoliteninin 55 illik yubileyi və 6 Noyabr – Metropoliten işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra Şəhidlər xiyabanında 1990-cı ilin qanlı 20 Yanvar gecəsinin günahsız qurbanları, həmin gecə şəhid olmuş Bakı Metropoliteninin iki əməkdaşı – vaqon təmirçisi İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımovun, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş Vətən övladlarının xatirəsi anılıb.

Tədbiri “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov açıq elan edib. Dövlət Himninin səsləndirilməsindən sonra ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olanların, dünyasını dəyişmiş metropoliten əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Fəxri metropolitençi” adına layiq görülən metropolitençilərin siyahısı oxunduqdan sonr a Bakı metrosu haqqında qısa film nümayiş olunub.

Azərbaycan İnvestisiya Holdinqinin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin müdiri, “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının üzvü Günel Cavadova metropolitençiləri 55 illik yubiley və peşə bayramları münasibətilə təbrik edib.

O, metropolitenin paytaxtın sosial-iqtisadi həyatında əhəmiyyətli rolundan danışıb, metronu yüksək komfortlu, ən rahat nəqliyyat xidməti kimi dəyərləndirib.

“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov ulu öndər Heydər Əliyevin metronu Azərbaycan xalqının sərvəti adlandırdığını vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Metropoliteni İşçilərinin Peşə Bayramı Gününü təsis edərək, metro zəhmətkeşlərinin əməyinə xüsusi önəm verməsinin qürurverici olduğunu bildirib.

Hidayət Məmmədov Bakı metrosunun tarixinə səyahət edərək bu böyük tarixdə Ulu Öndərin rolu, metronun inkişafına göstərdiyi hərtərəfli qayğını xüsusi qeyd edib. O, son illər metroda həyata keçirilən yeniliklərin müəssisəni müasir texnologiyalarla zənginləşdirməklə inkişafın ən yüksək mərhələsinə çatdırmasından, əhəmiyyətli tədbirlərdən, görülən işlərdən danışıb.

İstismar üzrə baş mühəndis Əlixan Osmanov 2014-cü il fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin birləşdirilməsi yolu ilə “Bakı Metropoliteni” QSC-nin yaradılmasının dövrün tələbi olmasından və bu xüsusda son illərdə yeraltı yolların həyatında baş verən müsbət dəyişikliklərdən danışıb. O, çıxışında “Bakı Metropoliteni” QSC yaranan gündən struktur-kadr islahatlarına toxunaraq bunun müsbət dəyişiklikərə xüsusi təsirini qeyd edib. Yeni yaradılan istehsalat sahələri barədə də məlumat verən Əlixan Osmanov onların ümumi işin səmərəsinin xeyli artırdığını diqqətə çatdırıb. Baş mühəndis metropolitenin qarşısına qoyulan perspektiv planlardan bəhs edərkən “məqsəd Avropanın lider metropolitenləri sırasına çıxmaqdır” deyib.

Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanov bu peşənin mahiyyətinə toxunaraq qeyd edib ki, 700 mindən artıq sərnişinə xidmət göstərmək üçün millimetrdən də kiçik ölçü vahidləri ilə nizam-tərəzini qorumaq, yüzlərlə fərqli sahənin harmoniyasına nail olmaq qəhrəmanlıq nümunəsidir. Metropolitençi əməyini qəhrəmanlıq adlandıran MİHİ sədri işçilərin sosial həyatında baş verən yeniliklərdən, asudə vaxtın və istirahətin təşkilindən, ictimai-sosial yönümlü tədbirlərin keçirilməsindən söz açıb.

Arif Mərdanov çıxışının sonunda “İlin maşinisti” müsabiqəsinin qalibini elan edib. Bu ada qatar maşinisti Mais İsmayılov layiq görülüb.

Daha sonra həmkarlarını yubiley münasibətilə təbrik edən İstanbul metropoliteninin baş direktoru Özgür Soy son illər Bakı Metropoliteni ilə işgüzar əlaqələrin genişləndirilməsindən, qardaş ölkələrin metropolitençilərinin qarşılıqlı səmərəli əməkdaşlığının əhəmiyyətindən danışıb.

Tədbir başa çatdıqdan sonra mətbuat konfransı keçirilib. Sədr müavini Hidayət Məmmədov və istismar üzrə baş mühəndis Əlixan Osmanov perspektivlər, cari problemlərin həlli yolları və digər məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıblar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!