EventsMədəniyyətSərgiTəqdimat

Bakıda Avropa Bədii Sənətkarlıq Günləri keçirilib

Bakıda Avropa Bədii Sənətkarlıq Günləri (EACD) təşəbbüsü çərçivəsində “NUR Art House” incəsənət evinin və Keramika Mərkəzinin dəstəyi ilə “Arts Council Azerbaijan” QHT ilə “World Crafts Council Europe” təşkilatının birgə təşkil etdikləri bir sıra tədbirlər keçirilib. Builki tədbirlərin “Kiçik barmaqlar, bacarıqlı əllər” mövzusu yeniyetmə tamaşaçılara xitab edib.

Avropa Bədii Sənətkarlıq Günləri Azərbaycanın qeyri-maddi mədəni irsinə həsr olunmuş sərgi ilə açılıb. Təşkilatçıların qeyd etdiyi kimi, onun məqsədi Azərbaycanın incəsənətini və zəngin mədəni irsini, Azərbaycan xalqının həyat tərzini və qədim adət-ənənələrini təbliğ etmək idi. Sərgidə xalçalar, mis qablar, rəsmlər, keramika, kəlağayılar yer alıb.

Daha sonra Avropa Bədii Sənətkarlıq Günləri tədbirləri çərçivəsində Mir-Teymur Məmmədov tərəfindən keramika üzrə bir neçə ustad dərsləri keçirilib. Tanınmış usta öz bilik və təcrübəsini iştirakçılarla bölüşüb, onlara unikal sənət əsərləri yaratmağa kömək edib.

Avropa Bədii Sənətkarlıq Günləri uşaqların yaradıcılıq işlərindən ibarət xeyriyyə sərgi-yarmarkası ilə başa çatıb. Yarmarkanın kuratoru qismində 132-134 nömrəli ümumtəhsil kompleksinin şagirdi Sürayə Məmmədli çıxış edib.

Sərgi-yarmarkada Bakı məktəblərinin istedadlı şagirdlərinin, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Peşə Reabilitasiyası Mərkəzinin və Sosial Xidmətlər Agentliyinin yetirmələrinin əsərləri nümayiş etdirilib. Əsərlərin satışından əldə olunan gəlirin bir hissəsi sağlamlıq imkanları məhdud uşaqlar üçün xeyriyyə işlərinə yönəldilib.

Bununla yanaşı, Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində autizm diaqnozu qoyulmuş qız Anna Rainin əsərlərinin nümayişi olub. Bu gözəl tədbir gənc rəssama öz istedadını nümayiş etdirmək və əl işlərini ictimaiyyətlə bölüşmək, incəsənətdə və bütövlükdə cəmiyyətdə müxtəliflik haqqında mühüm dialoqu təşviq etmək imkanı verib.

Sərginin rəsmi açılışında Ümumdünya Sənətkarlıq Şurasının Avropa nümayəndəsi Sona Quliyevanın qeyd etdiyi kimi, Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində Azərbaycanda ikinci dəfədir ki, tədbir keçirilir: “Ənənəvi olaraq, baharın əvvəlində müxtəlif Avropa ölkələrində Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində tədbirlər keçirilir. Ümumdünya Sənətkarlıq Şurasının Avropa üzvü olan ölkələr hər il bir həftə ərzində sənətkarlıq tədbirlərinə ev sahibliyi edir”.

Tədbirin açılışında çıxış edən “Arts Council Azerbaijan” QHT-nin rəhbəri Dadaş Məmmədov qeyd edib ki, Avropa Bədii Sənətkarlıq Günləri 2002-ci ildə təsis edilib. O əlavə edib: “Avropa Bədii Sənətkarlıq Günləri çərçivəsində Avropanın müxtəlif ölkələrində sərgilər keçirilir. Ümumdünya Sənətkarlıq Şurasının Avropa üzvü kimi qısa müddət ərzində bir çox tədbirlərə ev sahibliyi etmişik və bu, bizə mədəniyyətimizi və incəsənətimizi xaricdə nümayiş etdirmək imkanı verib”.

Dadaş Məmmədov, həmçinin çıxışında Avropa Bədii Sənətkarlıq Günlərinin Azərbaycanda keçirilməsinə göstərdikləri dəstəyə görə “NUR Art House” qalereyasının rəhbəri Röya Tağıyevaya və Keramika Mərkəzinin rəhbəri Mir-Teymur Məmmədova təşəkkürünü bildirib.

Qeyd edək ki, Bədii Sənətkarlıq Günləri Milli İncəsənət İnstitutunun (INMA) təşkilatçılığı ilə sənətkarlığa həsr olunmuş ilk beynəlxalq tədbir olub. “EACD 2024” tədbirində 20-dən çox ölkə iştirak edir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!