Bakıda Cənubi Koreya mədəniyyətinə həsr olunmuş konsert keçirilib

Tədbir Azərbaycan ilə Cənubi Koreya arasında diplomatik münasibətlərin 25 illiyinə həsr edilib

Sentyabrın 17-də Bakıda Heydər Əliyev Sarayında Azərbaycan ilə Cənubi Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş geniş konsert keçirilib.

Frame.az xəbər verir ki, konsertdən öncə qonaqlar Koreya və Azərbaycan münasibətlərinə həsr olunmuş sərgi ilə tanış olublar.

Konsert proqramı Koreya milli rəqsi ilə başlayıb. Daha sonra bu ölkənin ən yaxşı Hanbok dizaynerləri və milli saç düzümü ustalarının əl işlərindən ibarət moda nümayişi keçirilib. Moda nümayişində Koreya qədim kral ailəsi və saray zadəganlarının dəbdəbəli saray libasları təqdim olunub. Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu və xanımı Koreya milli geyimində səhnəyə çıxıblar.

Daha sonra Dünya Taekvando Akademiyasının “Kukkiwon” taekvando nümayişi qrupu dinamik və rəngarəng hərəkətlərlə çıxış edib.

Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu çıxışında bildirib ki, tədbir Bakıda Cənubi Koreya səfirliyi və “Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” (SEBA) İctimai Birliyi tərəfindən birgə təşkil olunur.

Konsertə Koreyanın opera ifaçıları, Azərbaycanın muğam ustaları və Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin birgə çıxışı ilə yekun vurulub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: