Frame LifeSosial

Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfrans keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda konfrans keçirilib.

Konfransda açılış nitqi ilə baş nazirin birinci müavini Yaqub Eyyubov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı və Azərbaycanda AmCham-ın prezidenti Nuran Kərimov çıxış edərək iqtisadi islahatların əsas istiqamətləri və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.

Qeyd olunub ki, dövlət – özəl sektor dialoqu və əməkdaşlığı davamlı iqtisadi artımın təmin olunmasında özəl sektorun rolunun gücləndirilməsi üçün əlverişli imkanlar yaradır. Xüsusi olaraq qeyd edilib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” Azərbaycanda islahatların Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli düşünülmüş və təkcə qısa müddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir.

Konfransda Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov,iqtisadiyyat nazirinin müavini Sahil Babayev və vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov çıxış ediblər. Dövlət qurumlarının rəhbərləri Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar sayəsində ölkədə makroiqtisadi sabitliyin, xüsusilə, manatın sabitliyinin təmin olunması və inflyasiyanın idarəolunan həddə endirilməsini, qeyri-neft sektorunda iqtisadi artım tempinin və ixrac həcminin artmasını vurğulayıblar. Qeyd olunub ki, yaranmış əlverişli biznes mühiti yerli və xarici sahibkarların fəaliyyətlərinin daha da genişləndirilməsi və Azərbaycan iqtisadiyyatına investisiya cəlbi üçün zəmindir. Azərbaycanda vergi, gömrük, fiskal və monetar siyasət üzrə islahatlar sahibkar məmnunluğunu artıraraq şəffaflıq, hesabatlılıq və səmərəlilik üçün daha geniş imkanlar yaradıb.

Konfransda yer alan beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri müzakirə olunan məsələyə öz münasibətlərini bildiriblər. Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhbəri İvane Duarte, FINCA Azərbaycanın ölkə üzrə direktoru Timoti Tarrant, SAP Azərbaycanın İdarəedici direktoru Rüfət Hacıəlibəyov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinç Güzel və “Veysəloğlu” şirkətinin baş direktorunun müavini İlqar Nuri çıxış ediblər. Xüsusi olaraq qeyd olunub ki, aparılan iqtisadi islahatlar özəl sektorun maraqlarına cavab verir. Belə ki, getdikcə biznesin fəaliyyəti üçün tələb olunan prosedurların sayının azaldılması və daha az resursun sərf edilməsi, bir çox hallarda rəqəmsallaşdırma və online xidmətlərin təklif olunması Azərbaycanın investisiya cəlbediciliyini artırır. Beynəlxalq təşkilatların və özəl sektorun təmsilçiləri biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması prosesində hökumətlə birbaşa dialoqun önəmini vurğulayaraq, ölkə iqtisadiyyatının xarici təsirlərə dayanaqlığının gücləndirilməsi, biznes mühitinin daha da münbit olması, ölkənin birbaşa xarici investisiyalar üçün daha cəlbedici və rəqabət qabiliyyətli olması üçün öz tövsiyələrini təqdim ediblər.

Konfrasın yekununda qeyd edilib ki, bu tip tədbirlərin keçirilməsində əsas məqsəd aparılan iqtisadi islahatlar barədə məlumatlılığın artırılması, habelə özəl sektorun islahat prosesində yaxından iştirakının təmin edilməsi və ümumilikdə, iqtisadi islahatların inklüzivliyinin və səmərəliliyinin daha da yüksəldilməsinə töhfə verməkdən ibarətdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi nizamnamə tələbindən irəli gələrək AmCham və digər partnyor təşkilatlarla birlikdə iqtisadi islahatların nəticələrini cəmiyyətin geniş təbəqələri ilə birlikdə müzakirəsini davam etdirəcək. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!