Bakıda “IT Academy”nin rəsmi açılış mərasimi keçirilib

Noyabrın 5-də İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin birgə dəstəyi ilə “IT Academy”nin rəsmi açılış mərasimi keçirilib.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, tədbirdə müvafiq hökumət qurumlarının nümayəndələri, “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru Andrey Lobanov, həmçinin “IT Academy”nin tərəfdaşları olan “Baku Steel Company”, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndələri salamlama nitqi ilə çıxış ediblər.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, hazırda dünya iqtisadiyyatı yeni imkanlar vəd edən rəqəmsallaşma prosesindədir. Buna görə də iqtisadiyyatın rəqəmsallaşması uzunmüddətli məqsəd kimi qarşıya qoyulub. Yeni texnologiyaların davamlı tətbiqi və rəqabətqabiliyyətli insan kapitalı, dayanıqlı iqtisadiyyatın inkişafı Azərbaycanın da prioritetləri sırasındadır. Bu baxımdan Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün müvafiq addımlar atılır.

Elm və təhsil nazirinin müavini Muxtar Məmmədov layihəyə marağın böyük olduğunu bildirib, “IT Academy”nin texnoloji inkişafa töhfə verəcəyini vurğulayıb. Nazir müavini 2017-ci ildən ümumtəhsil müəssisələrində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi barədə də məlumat verib.

“Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin baş direktoru Andrey Lobanov informasiya texnologiyaları üzrə mütəxəssislərin hazırlanmasının əhəmiyyətindən və “IT Academy”nin tədris prosesində tətbiq etdiyi metodlardan danışıb. Tədbirdə qabaqcıl mütəxəssislər sahə ilə bağlı öz bilik və təcrübələrini bölüşüb, IT-ın inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Sonra “IT Academy” kurslarının təqdimatı keçirilib və tədbir iştirakçılarına bu mövzuda ətraflı məlumat verilib. Kurslar haqqında ətraflı məlumat “IT Academy”nin rəsmi saytından, sosial şəbəkə səhifələrindən və ya (+994 12) 310-15-69 nömrəsinə zəng etməklə əldə edilə bilər.

Qeyd edək ki, “IT Academy” layihəsi Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: