Idman

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib

Bakıda keçirilən cüdo üzrə dünya çempionatının altıncı günündə – sentyabrın 25-də daha iki çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.

Frame.az xəbər verir ki, çempionatın altıncı günündə kişi cüdoçular 100, qadınlar isə 78 kiloqram çəki dərəcəsində güclərini sınayıblar. Səksən səkkiz cüdoçunun mübarizə apardığı yarış günündə ölkəmizi “Rio-2016” Yay Olimpiya Oyunlarının gümüş medalçısı Elmar Qasımov və Zelim Kotsoyev təmsil ediblər. Ancaq cüdoçularımız mükafatçılar sırasında yer ala bilməyiblər.

Qadınların final yarışında niderlandlı Guusje Stinhuisə qalib gələn yaponiyalı Asiya çempionu Şori Hamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Niderlandlı Marhinde Verkerk və Rusiya idmançısı Aleksandra Babintseva dünya çempionatının bürünc medalına sahib olublar.

Kişilərin yarışında qızıl medal uğrunda görüşdə gürcüstanlı Varlam Liparteliani və Koreya Respublikasından olan cüdoçu Quham Ço üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə koreyalı idmançı qalib gələrək dünya çempionu adını qazanıb. Rusiya təmsilçisi Niyaz İlyasov və monqolustanlı Otqonbaatar Lxaqvasuren dünya çempionatını üçüncü pillədə başa vurublar.

Çempionatın yeddinci günündə – sentyabrın 26-da kişi cüdoçular 100 kiloqramdan, qadınlar isə 78 kiloqramdan yuxarı çəki dərəcəsində güclərini sınayacaqlar. Yarışda ölkəmizi Uşanqi Kokauri və İrina Kindzerska təmsil edəcəklər.

Qeyd edək ki, çempionatda 125 ölkədən 800-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!