Bakıda Novosibirsk Filarmonik Kamera Orkestrinin konserti olub
Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyevin idarəçiliyi ilə Novosibirsk Filarmonik Kamera Orkestrinin (Rusiya) konserti olub.
Frame.az xəbər verir ki, konsert “Gilan Hospitality” şirkətinin, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Rusiyanın Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilib. Proqramda Azərbaycanda ilk dəfə səslənən əsərlər – Rodion Şedrinin “Concerto Iolanta” altıncı fortepiano konserti, Giya Kançelinin “Daneliada”, Arvo Pyartın “Fratres”, habelə Firəngiz Əlizadənin “Metamorfozalar” əsərləri yer alıb.
V.A.Mosartın, P.Çaykovskinin və Q.Qarayevin orkestr üçün əsərləri də ifa olunub. Solist kimi Rusiyanın Əməkdar Artisti, Novosibirsk Filarmonik Kamera Orkestrinin konsertmeysteri Yuliya Rubina və beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Riad Məmmədov çıxış ediblər. R.Məmmədov Rodion Şedrinin konsertini Bakıda ilk dəfə ifa edib.
Novosibirsk vilayətinin mədəniyyət nazirinin müavini Yevgeni Sazonov müsahibəsində deyib: “Biz Azərbaycandan olan həmkarlarla bütün müstəvilərdə əməkdaşlığı inkişaf etdirmək istəyirik. Novosibirsk vilayətində kifayət qədər festival və müsabiqə keçirilir və biz bu mədəniyyət tədbirlərində Azərbaycandan nümayəndələri görmək istərdik. Novosibirskdə Azərbaycan mədəniyyətini və dilini təbliğ edən ictimai təşkilat – Rusiya-Azərbaycan Evi fəaliyyət göstərir. Bizim flaqmanımız isə musiqi sahəsində əməkdaşlıqdır. Bayançalan duetimiz bu yaxınlarda Bakıda olub. Bu gün kamera orkestrimiz çıxış etdi. Bizim daha geniş formatda əməkdaşlıq etmək planlarımız var”.
Y.Sazonov qeyd edib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı Novosibirskdə geniş tanınır və novosibirskli musiqiçilər bu festivalda iştirak etmək dəvətini məmnuniyyətlə qəbul edirlər.
Qeyd edək ki, Novosibirsk orkestri sentyabrın 20-də Əyyub Quliyevin idarəçiliyi ilə Sumqayıtda da çıxış edəcək.
Xatırladaq ki, sentyabrın 18-dən 26-dək Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir.