Baku City CircuitFormula 1Idman

“Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov: Təcrübəmiz artdıqca naməlum məqamlar azalır

Azərbaycan paytaxtında Formula 1 yürüşləri uik-endi başa çatandan sonra “Baku City Circuit”in icraçı direktoru Arif Rəhimov “F1News.ru” saytına müsahibəsində bu yürüşlərin yekunlarını şərh edib.

Frame.az müsahibəni təqdim edir:

-Bakı trassında dördüncü yürüş artıq arxada qalıb. Belə demək olarmı ki, əvvəlki illərdə qazanılmış təcrübə sayəsində bu dəfə belə mürəkkəb və genişmiqyaslı işin öhdəsindən gəlməyiniz bir qədər asanlaşıb?

-Fiziki baxımdan işimiz bəlkə də asanlaşmayıb, lakin naməlum məqamların sayı getdikcə azalır. Biz fors-major vəziyyətlərini necə aradan qaldırmaq mümkün olduğunu bilirik. Təcrübəmiz artır, amma işin həcmi dəyişmir. Bununla belə, biz təşvişə düşmürük və hər bir konkret halda nə etmək lazım olduğunu dəqiq bilirik.

-Yəqin ki, bu uik-enddə də belə hallar, müxtəlif macəralar az olmayıb. Bu, müəyyən mənada sizin trassın xüsusiyyətləri ilə bağlıdır. Bütövlükdə xidmətlərin, o cümlədən “Baku City Circuit”də işləyən marşalların bütün bu vəziyyətlərin öhdəsindən necə gəlməsi sizi qane edirmi?

-Düşünürəm ki, bizim marşal xidmətlərinin işi həqiqətən tərifəlayiqdir. Beynəlxalq Avtomobil Federasiyası (FİA) da, ümumiyyətlə bu xidmətlərin gördüyü mürəkkəb işdən başı çıxan bütün adamlar onları tərifləyirlər. FİA və onun yeni yürüş direktoru Maykl Masi həm əvvəlki illərdə, həm də bu il bizim ünvanımıza çoxlu komplimentlər söyləyiblər.

Şəxsən mən marşalların işindən çox razıyam. Mən tez-tez yürüşün müdiriyyətinin yanına gedirəm, marşalların işini yoxlayıram və görürəm ki, onlar Qran-Pri dövründə çox dəqiq fəaliyyət göstərirlər. Mənim fikrimcə, indi onlar istənilən səviyyəli yarışlarda işləməyə hazırdırlar.

-Siz həm azarkeş, həm icraçı direktor, həm də yürüşlərin iqtisadi yekunlarına görə cavabdeh olan rəhbər kimi yürüş uik-endinin nəticələrini necə qiymətləndirirsiniz?

-Prinsip etibarilə mən razıyam. Biz artıq müəyyən statistik hesablamalar aparmışıq və məlum olub ki, uik-end ərzində trassa 85 minə yaxın tamaşaçı gəlib. Bu, təqribən keçənilki nəticəyə bərabərdir, lakin nəzərə almaq lazımdır ki, bu dəfə biz üç yox, iki konsert təşkil etmişik.

Bildiyiniz kimi, bizdə avtomobil idmanı mədəniyyəti hələ çox gəncdir və biz düşünürdük ki, ola bilsin, insanlar buraya konsertlərə görə gəlirlər. Ona görə də konsertlərin birini ixtisar etdik, lakin görürük ki, bundan sonra tamaşaçıların sayı azalmayıb. Deməli, insanları cəlb edən təkcə mədəni proqram deyil, bilavasitə yürüşdür.

-Qran-Pri Azərbaycan Formula 1 yarışlarının hər il keçirilməsi bu yürüş mədəniyyətinin formalaşmasına təsir göstərməyə başlayır, gələcəkdə yarana biləcək bəzi yeni təşəbbüslərə təkan verir. Elədirmi?

-Biz vaxtaşırı olaraq müəyyən yeni dəstək yürüşləri barədə düşünürük, ona görə ki, bizdə trass şəhər daxilində olduğu üçün bu yarışları ilin başqa vaxtında keçirə bilmirik. Biz yalnız istirahət günlərində keçirilən tədbirlər barədə düşünə bilərik. Prinsip etibarilə bəzi ideyalarımız var, lakin onlar hələ virtual səviyyədədir, amma biz onları araşdıracağıq, gələcəkdə onların reallaşmasının nə dərəcədə mümkün olduğunu təhlil edəcəyik.

-Sizin rusiyalı həmkarlarınızla, Soçidə Rusiya Qran-Prisinin təşkilatçıları, habelə Rusiya Avtomobil Federasiyası ilə əməkdaşlıq təcrübəniz var. Görünür, bu da müəyyən dərəcədə pozitiv effekt verir.

-Bu əməkdaşlıq yəqin ki, məşvərət xarakteri daşıyır, lakin biz həmişə məsləhətləşirik, ideya mübadiləsi, təcrübə mübadiləsi aparırıq. Əlbəttə, yaxın dostların arasında fikir mübadiləsi, müəyyən çətinliklər barədə söhbətlər həmişə xoşagələn haldır, Rusiya Qran-Prisinin nümayəndə heyətləri tez-tez burada olur, biz də Soçidə keçirilən yürüşlərə baxmağa gedirik, özünəməxsus təcrübə mübadiləsi aparırıq. Bu çox faydalıdır.

-Tez-tez deyirlər ki, növbəti yürüş başa çatandan dərhal sonra gələnilki yürüşə hazırlıq başlanır. Bu belədirmi? Yoxsa hər halda bir qədər mübaliğə var?

-Xeyr, düşünürəm ki, bu hazırlıq bir qədər sonra – yəqin ki, avqustda və ya sentyabrda başlanacaq. Məhz həmin dövrdə hazırlıq başlanır, bilet proqramı işə salınır. Düşünürəm ki, bu il biz növbəti Qran-Pri üçün bilet satışını bir qədər tez başlamağa çalışacağıq. Baxarıq. Əməliyyat planlaşdırılması isə bir qədər sonra başlanacaq.

-“Liberty Media”nın 2021-ci ildə keçiriləcək Formula 1-də islahatlar aparmaq planları barədə söhbətlər sizi nə dərəcədə narahat edir? Axı, bu məsələ promouterlərə də müəyyən dərəcədə aiddir?

-Biz kontraktımızın müddətini lap yaxın vaxtlarda uzatmışıq. Kontrakta xeyli dəyişikliklər və düzəlişlər edilib. İslahatlar bizə necə təsir göstərəcək? Düşünürəm ki, yaxın dörd yürüş üçün hər şey qaydasında olacaq. Gözləyirik ki, hər şey normal olacaq. 2023-cü ildən sonra, bizim kontraktın müddəti başa çatanda nə olacağını isə işçi qaydada araşdıracağıq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!