IdmanTəqdimat

Belqradda Zəfər Gününə həsr edilmiş şahmat turniri təşkil olunub

Azərbaycanın Serbiyadakı səfirliyinin, Serbiya Şahmat Federasiyasının və Azərbaycan-Serbiya Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Belqradda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş humanitar xarakterli şahmat turniri keçirilib.

Tədbirdə Serbiyanın idman nazirinin müavini Marko Keselj, Serbiya Şahmat Federasiyasının və Azərbaycan-Serbiya Dostluq Cəmiyyətinin rəhbərliyi, həmçinin Serbiyada akkreditə olmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. Eyni zamanda, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və “AzVirt” şirkətinin əməkdaşları, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz də turnirə qatılıblar.

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev torpaqlarımızın otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması, Şuşa şəhərinin azad olunması barədə tədbir iştirakçılarına məlumat verib, bu Qələbənin Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. Səfir Azərbaycan–Serbiya əlaqələrinin mütəmadi olaraq inkişaf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə Serbiyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin bütün sahələrinə, o cümlədən siyasi və iqtisadi sahələrdə daha da inkişafına böyük töhfə verdiyini bildirib.

Serbiyanın idman nazirinin müavini M.Keselj deyib ki, strateji tərəfdaşlığa əsaslanan Serbiya-Azərbaycan münasibətləri bütün sahələrdə inkişaf etdiyi kimi, idman sahəsində də özünü göstərir.

Qrosmeyster Gövhər Beydullayeva tədbir iştirakçılarına ünvanlandığı videomüraciətində iştirakçılara uğurlar arzulayıb.

Komanda və şəxsi hesabda qalib gəlmiş komandalar və iştirakçılar Serbiya Şahmat Federasiyasının və Azərbaycan-Serbiya Dostluq Cəmiyyətinin rəhbərliyi tərəfindən kubok və medallarla təltif edilib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!