EventsMuğamMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzi “Muğam axşamları” adlı layihəsi çərçivəsində “Bayatı Şiraz” muğamını təqdim edib

Yanvarın 31-də  Beynəlxalq Muğam Mərkəzinin “Muğam axşamları” layihəsi çərçivəsində  Beynəlxalq Muğam Mərkəzinin solistləri Almaxanım Əhmədli, Səbinə Ərəbli və Hüseyn Məlikovun ifasında “Bayatı Şiraz ” muğamı təqdim edildi.
“Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman “ərusi – musiqi” yəni “musiqinin gəlini” adlandırılır.  Təqdim edilən gecədə muğamın etimologiyasına uyğun olaraq xanəndələr muğamın texniki imkanları və fəlsəfəsini mükəmməl şəkildə dinləyicilərə təqdim etdilər.
Hüseyn Məlikovun özünəməxsus, Almaxanım Əhmədlinin məxməri və Səbinə Ərəblinin incə, zərif bir az da həzin səslərinin palitrasında bu dəfə “Bayatı Şiraz” tamam yeni bir rəngdə özünü büruzə verdi. Muğam ifaçılığında hər bir muğam dəstgahının təqdimi  xanəndələrin individual yanaşmaları ilə seçilir. Bu dəfə də ifaçılar öz səs imkanları müqabilində dəstgahı muğamsevərlərə sevdirə bildilər.
Mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Təqdim edilən konsertlərdə bu günə kimi tanınmış , görkəmli xanəndələrimizin ifasında əsas muğamlarımız təqdim edilib.
Layihənin konsertlərinə biletləri şəhərimizin kassalarında, Asan xidmət mərkəzlərində və iticket.az saytından əldə etmək olar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!