Beynəlxalq Muğam Mərkəzində görkəmli dramaturq M.F.Axundovun məşhur əsəri oynanıldı
Dekabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbələri tərəfindən (“Sabah” qrupu)hazırlanmış Mirzə Fətəli Axundovun “Hekayəti müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşası göstərilib.
Böyük mütəfəkkir Mirzə Fətəli Axundov Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınmışdır. O,öz xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli-mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855- ci illər arasında bir- birindən maraqlı altı komediya yazmışdır. Onun geniş şöhrət qazanmış əsərlərindən biri də “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” (1850) komediyasıdır.
“Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə öz əhəmiyyətini bu gün də qoruyub saxlayır.
Bu tamaşanın səhnəyə qoyulmasında məqsəd gənc nəslə müasir dövrə uyğun şəkildə,yeni formatda M.F. Axundovun yaradıcılığını çatdırmaqdır.
“Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur” tamaşasında Hətəmxan ağanı- Orxan İsgəndərli, Şəhribanunu-Xədicə Məmmədova, Gülçöhrəni – Anaxanım Sultanova, Şahbaz bəyi – Corc Qafarov, Xanpərini- Susanə Məmmədova, Müsyo Jordanı-Məhəmməd Musayev,dərviş Məstəli şahı- Hilal Dəmirov, Qulaməlini- Hüseynağa Aslanov, Şərəfnisəni isə – Qönçə Vəliyeva (ADPU-nun tələbəsi) oynayıblar.
Tamaşanın quruluşçu rejissoru, kurs rəhbəri,Əməkdar artist Nofəl Vəliyevdir.
Komediyadakı obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri,əsərin məzmununa uyğun qurulan dekorasiyalar tamaşaçılar tərəfindən maraqla və alqışla qarşılandı.
Beynəlxalq Muğam Mərkəzinin möhtəşəm “Muğam axşamlar”ı layihəsinin ikinci mərhələsinin sonuncu konserti dekabrın 27- də saat 19:00- da keçiriləcəkdir. Konsertdə “Arazbarı”, “Ovşarı”, “Heydəri”, “Osmannı” ritmik muğamları səslənəcək.
Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket.az (online) saytından əldə etmək olar.
Frame.az