EventsTəqdimatƏn SonƏn Son

Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirib. Tədbirdə Şuranın maliyyə yardımı ilə “Obyektiv” Milli Dəyərlərin Təbliğinə dəstək İctimai Birliyinin hazırladığı “Ölüm hökmü-ömürlük cəza” sənədli filmi ictimaiyyətə təqdim edilib.

Tədbiri açıq elan edən Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud Azərbaycan dövlətinin ardıcıl olaraq apardığı humanist siyasətdən, Ulu öndər Heydər Əliyevin ölüm cəzasını ləğv etməsindən bəhs edən filmin Beynəlxalq insan hüquqları günündə təqdimatının keçirilməsinin təbii qanunauyğunluq olduğunu deyib.
“Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, jurnalist Mübariz Əsgərov filmin hazırlanması zərurətindən, ölüm hökmünün ləğvinin məhbuslarda və cəmiyyətdə doğurduğu reaksiyadan danışıb.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyeva insan hüquq və azadlıqlarının qorunmasının Azərbaycan dövlətinin ən ali məqsədlərindən olduğunu deyib. Səbinə Əliyeva bildirib ki, 1998-ci il fevralın 10-da müasir Azərbaycan dövlətinin banisi olan Ulu öndər Heydər Əliyevin ölkəmizdə ölüm hökmünü ləğv etməsi insan hüquqlarının qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Ombudsman insan hüquqlarının qorunmasının bu gün də dövlətimiz üçün prioritet olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisinin deputatı Azay Quliyev çıxışında müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi misilsiz fəaliyyətdən bəhs edib. Şura sədri Azərbaycanın Şərqdə ölüm hökmünü ləğv edən ilk ölkə olmasını beynəlxalq platformalarda hər zaman iftixarla xatırladıqlarını deyib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!