EventsTəqdimat

Beynəlxalq Muğam Mərkəzində “Yaşadaq. Ümid qanadları” adlı sosial layihənin təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində “Yaşadaq. Ümid qanadları – kəlağayı selektiv abortlara qarşı” adlı sosial layihənin təqdimatı olub. Layihə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Səbinə Zülalova və Zümrüd Rüstəmova tərəfindən hazırlanıb.

Tədbir çərçivəsində spikerlərin çıxışları olub, fotosərgi təşkil edilib, həmçinin videoçarxın təqdimatı keçirilib. Kəlağayı layihənin rəmzi kimi seçilib.

Selektiv abort – embrionun cinsindən asılı olaraq (bir qayda olaraq, ultrasəs müayinəsi zamanı yeni doğulmuş uşağın qız olması müəyyən edildikdə abort edilir) hamiləliyin dayandırılmasıdır. “Yaşadaq. Ümid qanadları” layihəsinin məqsədi qızların doğulması ilə mədəni irsin ötürülməsi arasındakı əlaqəni göstərmək, problemi mədəniyyət elementi vasitəsilə ifadə etməkdir.

Layihənin yaradıcılarından biri, mədəniyyət xadimi, dizayner, yazıçı Səbinə Zülalova müsahibəsində bu layihənin ideyasının necə yarandığı və hansı işlərin görüldüyü barədə məlumat verib. O deyib: “Layihənin ideyası təsadüfən yaranmayıb. İlin əvvəlindən Zümrüdlə tədbirin konsepsiyasını və miqyasını müzakirə etdik. İstər Azərbaycanda, istərsə də xaricdə kəlağayı ilə bağlı öz layihələrimizi, həmçinin Novruz bayramı ərəfəsində kəlağayının dəyəri və milli irsimizi qoruyub saxlamaq ilə bağlı Zümrüdlə birgə pilot layihəmizi arxada qoyaraq, biz bu mövzunu daha da inkişaf etdirmək qərarına gəldik. Azərbaycanda selektiv abort problemi son vaxtlar nəinki ayrı-ayrı dövlət qurumları nümayəndələrini, hətta sadə insanları da narahat etməyə başlayıb. Axı bu, xalqımızın problemidir və gələcəkdə demoqrafik dəyişikliklərə gətirib çıxara bilər ki, bu da müəyyən çətinliklər yaradır. Layihəmizdə bir neçə əsas vasitədən istifadə etdik. İlk növbədə, çəkilişlərdə iştirak etmək üçün müxtəlif yaş və peşə sahibləri olan 30-dan çox qadını cəlb etdik ki, bu da bizim ideyamızı və mesajımızı daha çox insana çatdırmağa imkan verəcək, çünki onların hər birinin öz izləyici auditoriyası var. İnsanların diqqətinin sosial şəbəkələrə yönəldiyini nəzərə alaraq, onların diqqətini cəlb edə biləcək bir məhsul yaratdıq. Dünyada neqativlər çoxdur və biz problemi qınama yox, motivasiya şəklində gözəllik vasitəsilə təqdim etmək qərarına gəldik”.

Təşkilatçıların sözlərinə görə, layihə üzərində iş təxminən altı aya yaxın davam edib. Çəkilişlərin təşkili və nəzarəti ilə yanaşı, həm dövlət, həm də beynəlxalq təşkilatların müxtəlif nümayəndələri ilə görüşlər təşkil edilib.

“Bizə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yanaşı, Mədəniyyət Nazirliyi və platforma və musiqi tərtibatında dəstək verən Beynəlxalq Muğam Mərkəzi köməklik etdi. “Xəzər” telekanalı və eləcə də onların radiostansiyaları videoları translyasiya etdi, SMM-in aparılmasını təşkil etdi, Bakı Media Mərkəzi hadisənin özünün reportajı üçün komanda ayırdı, “ASAN xidmət” həm Bakıda, həm də bölgələrdə vətəndaşların qəbulu məntəqələrində videoyayımlara dəstək verdi, ADRA şəhər monitorlarında məlumat yerləşdirdi, dostlarımız furşet təşkil etdi, özəl şirkət və banklar layihəyə sponsor kimi qoşulmaq çağırışımıza cavab verdi. Biz, laqeyd qalmayan, ölkəmizin gələcəyinə töhfə verən hər bir insana dərin minnətdarlığımızı bildiririk”, – deyə Səbinə Zülalova vurğulayıb.

Digər təşkilatçı, peşəkar biznes-məşqçi, “kouçinq” layihələrinin təsisçisi, kəlağayı kolleksiyaçısı Zümrüd Rüstəmova layihənin simvolu kimi kəlağayının seçilməsindən danışıb.

“Noyabrın 26-sı – kəlağayı ənənəvi sənəti və simvolizminin Azərbaycan tərəfindən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyi gün ərəfəsində qədim zamanlardan bəri bu milli yaylığın fəlsəfi əhəmiyyətini və qadınların həyatını müşayiət etməsini vurğulamaq istəyirəm. Qız doğulanda ilk kəlağayı hədiyyə olaraq yatdığı beşiyin üstünə bürünüb. Sonra o, böyüyüb və tədricən həyatında növbəti yaylıqlar meydana çıxıb. Qız da, gəlin də, qadın da, ana da, nənə də, ulu nənə də… Onların hamısı kəlağayı örtüb, indi də örtürlər. Bizdə, Azərbaycanda son mənzilə yola salındıqda belə, qadını ipək yaylıq müşayiət edir. Yəni doğulandan sona kimi onunladır. Bundan sonra kəlağayını onun ailəsi miras alır – qızı, nəvəsi, gəlini, bacısı…

Qeyd edim ki, bütün naxışlar və bütün kəlağayı ornamenti həyatın, təbiətin, sevginin, kainatın rəmzidir. Əslində, bu yaylıq qadının özünün simvoludur. Bu ipək yaylıq həmişə qadını hifz edən element olub və indi də belə hesab olunur. Məhz buna görə də biz qeyd olunan mövzunun əhəmiyyətini və aktuallığını məhz bu düşüncə və fəlsəfə prizmasından göstərmək istəyirik. Selektiv abort məsələsinin həll edilməməsinin nəticələri qaçılmaz demoqrafik fəlakətə gətirib çıxaracaq… Bu da göz qabağındadır. Ancaq başqa bir vacib cəhət də var. Mən hər kəsi düşünməyə çağırıram ki, hər itirilən qız həm də mədəni irsimizin bir parçasının yox olmasıdır! Biz bu vəziyyəti dəyişə bilərik. Biz buna təsir edə bilərik. Heç olmasa cəhd edin…” –deyə Zümrüd Rüstəmova vurğulayıb.

Tədbirdə layihənin təsisçiləri Səbinə Zülalova və Zümrüd Rüstəmova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Turan LTS” kompaniyasının hüquqşünası Ayşə Abdel Qadir, ginekoloq, 26 saylı Qadın məsləhətxanasının baş həkimi Gülnarə Rzayeva çıxış ediblər.

Layihənin təşkilatçıları təqdimat materiallarını tibb müəssisələrinə videoçarx təqdim etməklə və şəhər monitorlarında reklam kimi yerləşdirməklə kütləviləşdirməyi planlaşdırırlar.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!